Şeyxul İsləm İbn Teymiyyə (Allah ona rəhmət etsin) buyurur:
“(Hər kəs) Camaat ilə oruc tutmağa başlamalı və camaat ilə də orucunu açmalıdır. Bu ən doğru rəydir. Çünki Peyğəmbər ﷺ demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” Tirmizi rəvayət edib, hədisin həsən qərib olduğunu bildirmişdir. Həmçinin, Əbi Davud və İbn Macə bu hədisi yalnız “orucu açmaq və qurbanı” qeyd etməklə rəvayət etmişdirlər. Eləcə də, Tirmizi, Abdullah ibn Cəfər hədisindən onun Osman ibn Muhəmməddən, o əl-Məqbəridən, o da Əbu Hüreyradan (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə söylədiyini rəvayət edirlər: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Tirmizi demişdir: Bu həsən qərib hədisdir. Bəzi alimlər bu hədisin mənasının “camaat və insanların (çoxluğu) əksəriyyəti ilə oruc tutmağa başlayıb bitirmək” olduğunu təfsir etmişdirlər”.” (Məcmuul Fətava, 25/114)
Həmçinin Şeyxul İsləm İbn Teymiyyə buyurur:
“Bir kəs zulhiccənin təzə doğan ayını fərdi olaraq görmüş olsa belə, alimlərdən heç kəs deməmişdir ki, o təkbaşına Ərəfatda durmalıdır! İnsanlardan bir çoxu bu məsələ barədə xəta edirlər və düşünürlər ki, təzə ay səmada göründükdə, insanlara göründüyü, məlum olduğu və bunu elan edib etməməsindən asılı olmayaraq, həmin gecə ayın birinci günü hesab edilir. Lakin məsələ düşünüldüyü kimi deyil. Daha doğrusu bu insanlara görünməli, məlum olmalı və onlar bunu gördükdə ayın başlanğıcını elan etməlidirlər. Odur ki, Peyğəmbər ﷺ demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”. Yəni, orucluğun başlanması və yaxud bitdiyini elan etdiyiniz, qurban kəsdiyiniz gündür. Əgər bunu tanımasanız, heç bir hökm buna əsaslana bilməz.” (Məcmuul Fətava, 25/202)
İbnul Qeyyim (Allah ona rəhmət etsin) “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür” hədisinin şərhində buyurur:
“Bu hədisdə o kəslərə rədd var ki, o kəslər deyirlər: “Ayın çıxıb-batmasını izləyərək bilən kəs, başqaları bilməsə belə, orucunu tuta və ya aça bilər!”
Həmçinin bir kəs öz gözü ilə ayı görərsə, lakin qazi onun bu şəhadətini qəbul etməzsə, onun oruc tutmasına, həmçinin insanların oruc tutmasına hökm verilməz!” (Təhzibus-Sunən kitabı)
Həmçinin İmam Sindi (Allah ona rəhmət etsin) bu hədisin şərhində buyurur:
“Bundan görünən odur ki, bu cür məsələlərdə fərdlərə etibar edilməz. Və bu kimi məsələlərdə fərdləşmək olmaz, əksinə bu məsələdə əməl imama və camaata qayıdır! Bu məsələdə fərdlər imama və camaata tabe olmalıdır. Məhz bu səbəbə görə, əgər bir kəs Hilalı (təzə doğmuş ayı) görərsə, lakin imam onun şəhadətini qəbul etməzsə, bu məsələdə həmin (ayı görən) kəsə etibar edilməz. Bu camaata tabe olmaq vacibdir. Hədisin mənası da məhz budur
Hədisi gücləndirən isə, Aişənin (Allah ondan razı olsun) Məsruqa etdiyi rəddir! O vaxt ki, Məsruq Qurban gününə düşmək qorxusundan, Ərəfa günü oruc tutmur. Bunu görə Aişə (Allah ondan razı olsun) ona bəyan etmişdir ki, onun bu rəyində heç bir fayda yoxdur və bu rəy mötəbər sayılmaz. Sənin üzərinə düşən camaata tabe olmaqdır. Qurban günü insanlar qurban kəsdikləri, iftar isə insanların iftar etdikləri gündür.” (Şeyx sözünə davam edərək:) Bu səxavətli və möhkəm şəriətə də layiq olan məhz budur, o şəriət ki, insanların vahid toplu olması üçün göndərilmişdir. Məhz bu səbəbdən, camaat halında edilən ibadətlərdə, fərdlərin rəyi səhih olsa belə, ona etibar edilməz.
Axı səhabələr bir məsələ ətrafında ixtilaf etsələr də, camaat namazını bir-birini arxasında qılardılar. Hətta o həddə çatmışdır ki, camaat naminə, öz səhih rəyindən mütləq olaraq dönmüşdür. Necə ki, Osman (Allah ondan razı olsun) Minada dörd rükət qıldı. Abdullah ibn Məsud ona dedi: “Mən peyğəmbərlə ﷺ iki rükət qıldım. Əbubəkrlə iki rükət qıldım, Ömərlə iki rükət qıldım.” Sonra Abdullah İbn Məsud Osmanın arxasında dörd rükət qıldı. Orada olanlar ona dedi: “Özün Osmana irad tutdun, lakin özün də dörd rükət qıldın?!” Abdullah ibn Məsud buyurdu: “İxtilaf şərdir!””
(Şeyx buyurur:) Namazlarında insanları parçalayanlar bu hədisə nəzər salsınlar və bu hədisdən ibrət alsınlar. Bu zikr etdiyimiz elm ətrafında düşünsünlər, bəlkə beləcə öz cahil nəfslərinin məğrurluğunu müalicə edə bildilər və müsəlman qardaşları ilə bir səff olsunlar! Həqiqətən də, Allahın əli camaatın üzərindədir.
Şeyx Albani (Allah ona rəhmət etsin) buyurur:
“Mənim görüşüm odur ki, hər bir kəs öz dövləti ilə oruc tutsun (və ya bayramı qeyd etsin!) Öz aralarında parçalanaraq, bəziləri bir dövlət, digərləri isə başqa bir dövlətlə tutmasınlar! Çünki bu bir xalqın içində ixtilafın geniş vüsət almasına və fitnənin artmasına səbəb olur. Necə ki, bir neçə il öncə bəzi ərəb dövlətlərində bunun (parçalanmağın) şahidi olmuşduq!” (Təməmul-Minnəh, səh. 398)
Şeyx Albani “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür.” hədisini şərh edərək buyurur:
“İmam Tirmizi bu hədisi zikr etdikdən sonra deyir: Elm əhli bu hədisi şərh edərək demişdir: Hədisin mənası budur ki, oruc tutmaq da, iftar açmaq da camaatla birlikdədir!”
Şeyx Albani sözünə davam edərək buyurur:
“İmam Sənani “Subuləs-Sələm” (cild 2, səh 72) kitabında buyurur: Bu hədis dəlalət edir ki, bayramın sübut edilməsi, camaatın müvafiq (həmrəy) olması ilədir. Bir kəs ayı görərsə belə, bu məsələdə digərlərinə tabe olmalıdır. İstər namaz olsun, istər oruc və qurban olsun, camaatın bir olduğu hökmə tabe olmalıdır.” (Silsilətul Əhədisis-Sahihə, səh. 1ci cild, səh. 224, hədis 445)