«SələfXəbər» www.sunnapress.com saytına istinadən “yeni il”in İslamda hökmü barədə maarifləndirici məqaləni təqdim edir:
Çoxlarımız bütün uşaqlığımız boyu səbrsizliklə “yeni il”i gözləmişik. Çoxları üçün bu ən xoş və sevimli bayram olub və hətta, böyüdükdən sonra da o bizdə xoş xatirələr oyadıb. Bəs, bu bayram həqiqətənmi bu qədər xoş və zərərsizdir?
Bir çox müsəlmanlar bu məsələdən tam baş çıxarmayıb və bunun günahının çoxu bu haqda məlumatları digərlərinə asan və başa düşülən şəkildə çatdıra bilməyən müsəlmanlardadır. “Yeni il” barəsindəki məqalələrin çoxu bütpərəstlərin ilahları barədə qorxunc yazılar və ya bir çox şəri terminlərlə dolu uzun və mürəkkəb məqalələrdir.
“Sunna Press” saytının redaksiyası İslamda “yeni il”in hökmü barədə qısa, lakin eyni zamanda informativ məqalə qələmə almağı qərara alıb.
Asanlıq üçün kiçik təhlilimizi 2 hissəyə böləcəyik: “İslamda bayramların hökmü” və “nə üçün yeni il digər bayramlardan pisdir?”
İslamda bayramların hökmü
İslamda bayramların hökmü dinin bir hissəsini təşkil edir. Yəni bayram qeyd etməklə biz Uca Allaha ibadət edirik ki, bu da Allah-Təalanın bizə lütfüdür.
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun) buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud. Hədis səhihdir).
Bu hədis ona dəlalət edir ki, Uca Allah istər dünyəvi və ya dini, müsəlmanların əvvəllər qeyd etdikləri bütün bayramları hədisdə adı çəkilən 2 bayramla əvəzləyib.
Qeyd etmək lazımdır ki, ərəbcə “id” (bayram) sözü “müntəzəm şəkildə (məsələn- ildə bir dəfə) müəyyən yerdə və ya müəyyən vaxtda nəyisə qeyd etmək” deməkdir. Məsələn, şəriətdə doğum günü öz-özlüyündə bayram deyil, lakin onu hər il qeyd etdikdə bayrama çevrilir. Bu əsası öyrəndikdə aydın olur ki, İslamda qanuniləşdirilmiş bayramlardan başqa istənilən hadisənin müntəzəm şəkildə qeyd edilməsi qadağandır.
Kimsə soruşa bilər: “Bəs, aşura və cümə günləri necə? Bu günlər bayram deyil?” Buna cavab veririk ki, birincisi, bu günlərin qeyd edilməsinə dair Sünnədə əmr gəlib və odur ki, bu günlər İslama aiddir. Digər günlərə dair isə İslamda dəlil yoxdur. İkincisi, bu bayramların (ideyn) hədisdə adının çəkilməməsinin səbəbi odur ki, müsəlmanlar bu günləri Qurban bayramı və Ramazan bayramları kimi şənlənməklə keçirmirlər. Aşura günü biz oruc tuturuq, cümə günü isə camaat namazı qılırıq, lakin bu günləri qeyd edib bir-birimizi bu günlər münasibətilə təbrik etmirik.
Çoxsaylı bayramların tərəfdarları tez-tez iddia edir ki, bayramlar bir-birinə yaxın olan insanların bir yerə toplaşması üçündür. Halbuki, yaxın insanların bir yerə toplaşması üçün bayram icadına ehtiyac yoxdur. Mahiyyət etibarilə, bu cür bəhanələrin çoxunu içki içməyi sevənlər uydurub. Çünki əgər insan səbəbsiz içki içirsə, onu əyyaş hesab edirlər, əgər bayram münasibəti ilə içirsə, deməli, sadəcə “istirahət edir”.
Allaha həmd olsun ki, müsəlmanlar üçün belə bir problem mövcud deyil.
Nə üçün “yeni il” digər bayramlardan pisdir?
“Yeni il” – xristianların İslam əqidəsinə zidd olan dini bayramıdır. Hətta, müsəlmanların təqvimi də xristianların təqvimindən fərqlənir – müsəlmanlar il hesabını ay təqvimi ilə aparır və təqvimi Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Məkkədən Mədinəyə hicrət etdiyi ildən hesablayırlar.
Xristian il hesabı isə günəş təqvimi əsasında aparılır və İsa Peyğəmbərin (Allahın ona salamı olsun) doğulduğu gündən başlayır. Xristianların fikrincə, İsa Peyğəmbər (Allahın ona salamı olsun) dekabr ayının son günlərində doğulub. Vaxtın hesablanmasında qeyri-dəqiqliyə yol verməmək üçün isə “yeni il” yanvarın əvvəllərində qeyd edilir. Nəticə etibarilə, “yeni il”i qeyd etməklə müsəlmanlar xristian bayramını qeyd edir, bu isə xristianlara bənzəməkdir və İslamda qadağan olunan əməldir, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi bundan çəkindirib: “Kim bir qövmə bənzəyərsə, o onlardandır”. (Əhməd).
Bu sözlərin mənası odur ki, insanın kimdən xoşu gəlirsə, həmişə özünü ona bənzətməyə çalışır. Lakin müsəlmanların özünü İsa Peyğəmbəri (Allahın ona salamı olsun) “Allah” adlandıraraq Allahı qəzəbləndirənlərə bənzətməsi yolverilməzdir. Orta əsrlərin böyük İslam alimi ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyib: “Qeyri-müsəlmanların hər hansı bayramlarında onlara bənzəmək o deməkdir ki, insan onların yalan əqidələri və ənənələrindən məmnundur”. (“əl-İqtida”,229).
“Yeni il”in müsəlmanlar üçün təhlükəsi təkcə bundan ibarət deyil. “Yeni il” İslamın əsasına – tövhidə ziddir. Uşaqlarımıza guya hər bir arzuları yerinə yetirən “hər şeyi eşidən” və “hər şeyə qadir olan” Şaxta baba təlqin edilir və onlar öz istəkləri ilə Şaxta babaya yönəlirlər, halbuki, bu şəkildə yalnız Allaha yönəlmək olar. Uca Allah buyurur: “Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cin” surəsi, 18-ci ayə).
Uca Allah, həmçinin, buyurur: “Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər”. (Qurani-Kərim, “Nəhl” surəsi, 20,21-ci ayələr).
Şaxta babaya yönəlməkdən əlavə, bütpərəstlərin bütlərini bəzədiyi kimi küknar ağacları bəzədilir, daha sonra Kəbənin ətrafında təvaf edirmiş kimi nəğmə oxuyaraq küknar ağacının ətrafında dövrə vurulur. Bütün bunlardan əlavə, insanlar “yeni il”in sehrinə inanırlar – guya bütün köhnə və pis şeylər köhnə illə geridə qalacaq və yeni ildə bütün arzular çin olacaq.
Yuxarıda sadalanan bütün əməllər İslam nöqteyi-nəzərindən qadağandır. Bundan əlavə, bu əməllərdən bəziləri özündə ən böyük günahı – Allahın bağışlamadığı şirki ehtiva edir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır”. (Qurani-Kərim, “Nisa” surəsi, 116-cı ayə).
Beləliklə, “yeni il” məsələsini bir balaca araşdırdıqda aydın oldu ki, bu bayramın qeyd edilməsinə qadağa kimlərsə tərəfindən uydurulmayıb və müqəddəs dinimizin təməllərinə toxunur.
Hər birimiz bu barədə ciddi şəkildə düşünməliyik, çünki hər hansı bir günah cəmiyyət arasında açıq-aşkar işləndikdə, o günah daha ürəkdə ikrah hissi oyatmır və adi bir şey kimi qəbul olunur.
Qoy, bizim üçün doğruluq meyarı aləmlərin Rəbbi olan Allahın nazil etdiyi Quran və Sünnə olsun. Allah bizə rəhm etsin və bizi öz sonsuz lütfü ilə zənginləşdirsin!
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb