Məqalələr Ümumi tərbiyə

İslamda vətənpərvərlik anlayışı

Vətən sözünün lüğəti və istilahi mənası

Vətən sözü – Ərəb sözü olaraq Azərbaycan dilində “bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət” deməkdir. (“Azərbaycan dilinin izahlı lüğəti”)

İbn Mənzur demişdir: “Yaşadığın yer deməkdir. Deyilir ki, filankəs filan yeri özünə vətən seçdi. Yəni qalacağı və yaşayacağı bir məskəni seçdi”. (“Lisən əl-Arab” 13/451)
Zubeydi demişdir: “Vətən insanın qaldığı və yaşadığı yer deməkdir”. (Təcul Arus” 9/362)
İstilahi mənası barədə isə Əli bin Məhəmməd əl-Hüseyni əl-Corcani demişdir: “Əsl vətən insanın doğulduğu və yaşadığı yerdir”. (“ət-Tərifət” səh. 253)

Lüğət və siyasi ensiklopediya kitablarına baxarkən vətən sözünün istilahi(terminoloji) mənasının lüğəti mənasından fərqlənmədiyini görürük.

Cəmil Səlibə demişdir: “Ümumi mənasına görə, vətən yaşanan yerdir. Əsl vətən isə insanın doğulduğu və yaşadığı məkandır”. (“əl-Mucəm əl-Fəlsəfi” səh. 580)
Əhməd Zəki demişdir: “Vətən o ölkədir ki, orada bir toplum yaşayır və insan özünün ora bağlılığını hiss edir”. (“əl-Mustaləhət əs-siyəsiyyə əd-Duvaliyyə” səh. 93)
Zeyd əl-Abdul Kərim belə demişdir: “Bu təriflərdə söhbət insaninin doğulub yaşadığı, yaxud da yalnız yaşadığı yerden gedir. İndiki əsrdə vətən dedikdə vətəndaşlığı mənsub olan ölkəni nəzərdə tuturlar”. (“Hubbul Vatan min Mənzur Şəri”).

Vətənpərvərliyin ümumi anlayışı

Sosioloqlara görə vətənpərvərliyin müxtəlif tərifləri var. Onlardan bəziləri vətənpərvərliyi əqidə sayaraq ona görə dost və düşmən tutur, digərləri isə İslam əqidəsi çərçivəsi daxilində vicdani duyğu ifadəsi sayıblar.

Vətən üçün ümumi anlayışlardan olan duyğu məfhumu olan “vətən sevgisi”ni qədim şairlərdən olan Asmai belə ifadə edir:
“Bir bədəvinin belə dediyini eşitdim: “Əgər kişini tanımaq istəyirsənsə, onun vətəni və dost-qardaşları üçün necə darıxdığına, onları arzuladığına və keçmiş zamanı üçün ağlamasına bax”.

Elə bil ki, o, bu duyğunu vəsf edərək bildirir ki, bu hiss vətənə bağlılıqdır. O vətənin torpağında yaşayıb, böyüyüb, boya-başa çatıb, suyundan içərək, sərvətlərindən yediyi üçün o vətəndə onun ruhi və hissi ehtiyacları vardır. O cümlədən də vətəndə olanlarla güclü rabitəsinə görə qəlbi sevgisinə və qardaşlıqlarının sadiqliyinə elə bağlanmışdır ki, hətta onlarla bir ət parçası və kamil bir cəsəd kimi olmuşdur.

İnsan vətənini sevməli, orada yaşamağa səy göstərməli və öz ixtiyarı ilə oranı tərk etməməlidir. Vətəni sevmək insan daxilində kök salmış elə bir xüsusiyyətdir ki, insanı orada qalarkən rahatlıq tapmağa, oradan gedərkən darıxmağa, ora hücum olunarsa müdafiə etməyə və torpağı alinarsa qəzəblənməyə sürükləyir. Bu təbii formada olan vətənpərvərlik bəyənilən bir əməl, ülvi bir hissdir. İnsan vətənini tərk etməyə nə qədər məcbur olsa belə, yenə də vətən həsrəti zehnində qalaraq ondan ayrılmayacaqdır. Ona görə də Asmai demişdir:
“Üç canlıda üç xislət vardır: Dəvə uzun bir zaman keçsə də öz vətəni üçün, quşun yuvası qıtlıq yerdə olsa da öz yuvası üçün, insan digər yer daha bol və firavan olsa da öz vətəni üçün darıxar”.

Şəriətdə vətənpərvərlik məfhumu

Qurani-Kərimdə vətənə aid ayələr

Allah-Təala buyurur: “(Ey Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, azalmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!” (Qurani-Kərim, “ət-Tövbə” surəsi, 24-cü ayə)

Allah-Təala bu sayılanların sevgisini – hansı ki, ümumi məfhumla onlar “vətən”dir – Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) sevgisinin önünə çəkməyi qadağan etmişdir.Bu o mənanı verir ki, sadalananlar üçün sevgi vardır və labüddür, lakin Allah və Rəsulunun (Allahın ona salavat və salamı olsun) sevgisindən üstün tutulması qadağandır.

Allah-Təala buyurur: “Yadına sal ki, İbrahim: “Ey Rəbbim, buranı təklükəsiz bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür məhsullardan ruzi ver!”- deyə dua etdikdə…”

Digər ayədə belə buyurur: (Ey Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə!” (Qurani-Kərim, “İbrahim” surəsi, 35-ci ayə)

Burada Allah-Təala xəlili İbrahimin (Allahın ona salamı olsun) doğulub yaşadığı ölkəyə əmin-amanlıq, sülh və gözəl yaşayış üçün dua etdiyini göstərir. Bununla aydın olur ki, İbrahimin (Allahın ona salamı olsun) vətəni üçün qəlbində bir sevgi yer almışdı.

Allah-Təala buyurur: “Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”- deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər …”. (Qurani-Kərim, “ən-Nisə” surəsi, 66-cı ayə)
Bu ayədə yurd , vətən sevgisi insanın özünü sevməsi ilə yanaşı gəlmişdir. Həqiqətən də, onların hər ikisi insan daxilində kök atmış əziz bir hissdir.

Allah-Təala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (Qurani-Kərim“əl-Mumtəhənə” surəsi, 8-ci ayə)
Burada vətən sevgisi din sevgisi ilə yanaşı gəlmişdir. Müsəlmanlara dininə görə döyüş etməyənə və onu ölkəsindən çıxartmayana qarşı yaxşılıq etmək və adil olmaq əmr olunmuşdur. Bu da vətən sevgisi ilə islam sevgisinin elə mehz dində de və insan daxilində də olan yeri olmasina açıq aydın bir sübutdur.

Allah-Təala buyurur: “(Ey Rəsulum!) Quranı sənə vacib buyuran (Allah) qayıdacağın yerə səni yenə də qaytaracaqdır …”. (Qurani-Kərim, “əl-Qasas” surəsi, 85-ci ayə)

İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəni Məkkəyə”.

Allah-Təala buyurur: “Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı”. (Qurani-Kərim, “ən-Nisə” surəsi, 66-cı ayə)

Deməli, vətəndən çıxarılmaq, insanı həyat dairəsindən çıxarmağa, yəni öldürməyə oxşar və ya bərabərdir.
Allah-Təala buyurur: “O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”- (deyə) əhd kəsdik. Sonra da siz (özünüz) şahidlik edərək (bu əhdi) təsdiqlədiniz. (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki, onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir”. (Qurani-kərim,“əl-Bəqərə” surəsi, 84,85-ci ayələr)

Ayə işarə edir ki, yurddan çıxartmaq və vətəndən məhrum etmək qan axıtmağa bərabərdir. Eləcə də, insan vətənindən yalnız məcburiyyət qarşısında qalarkən çıxır. Necə ki, İbrahim (Allahın ona salamı olsun) və Lut (Allahın ona salamı olsun) öz vətənlərindən çıxmışdırlar. Musa (Allahın ona salamı olsun) da Misirdən çıxmışdır.

Allah-Təala buyurur: “(Musa) qorxu içində (ətrafına) göz qoya-qoya oradan (şəhərdən) çıxıb: “Ey Rəbbim! Məni bu zalım tayfanın əlindən qurtar!”- dedi”. (Qurani-Kərim, “əl-Qasas”surəsi, 21-ci ayə)

O cümlədən, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də vətəni olan Məkkədən çıxaraq Mədinəyə Allah yolunda hicrət etməsi barədə Allah-Təala buyurur: “Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!”- dediyi zaman (göstərmişdir)”. (Qurani_Kərim, “ət-Tövbə” surəsi, 40-cı ayə)

Hətta, mühacirlərin vətənlərini tərk edərək hicrət etdiklərinə görə onlara hər cür yardımla kömək edən qardaşları ənsarlardan əlavə olaraq hicrət savabı qazanmışdırlar.
Allah-Təala buyurur: “(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir!” (Qurani-Kərim,“əl-Həşr” surəsi, 59-cu ayə)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) sünnəsində vətənə aid hədislər

1. Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səfərdən qayıdarkən Mədinənin hündür yollarını (digər bir hədisdə hündür ağaclarını) görən zaman dəvəsini tələsdirər və (digər) minik üzərində olan zaman miniyini daha sürətlə hərəkət etdirərdi”. (Buxari rəvayət etmişdir)
Əbu Abdullah (İmam Əhməd) demişdir: “Haris ibn Umeyr Humeyddən “miniyini Mədinəyə olan sevgisindən tələsdirərdi” rəvayətini ziyadə olaraq rəvayət etmişdir”. (Albani “səhihdir” demişdir)
İbn əl-Həcər “Fəthul Bari”, əl-Ayni “Umdətul Qari” və Mubarakfuri “Tuhfətul Əhvazi” kitabında demişdir:
“Bu hədisdə Mədinənin fəzilətinə, vətəni sevməyin şəriətdə icazəliyinə və vətən üçün darıxmağa dəlil vardır”.

2. Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Xeybərdən qayıdarkən Mədinəni gördüyümüz zaman Uhud dağına baxdı və dedi: “Bu elə bir dağdır ki, o bizi sevir, biz də onu sevirik”. (Buxari və Müslim rəvayət etmişdir)
İbn əl-Həcər “Fəthul Bəri” kitabında demşdir:
“Deyilmişdir ki, bu həqiqətdir. Allah-Təalanın bəzi cansız əşyalarda sevgi yaratması mümkündür. Eləcə də, deyilmişdir ki… Burada məqsəd Uhud əhlidir. Necə ki, Allah- Təala buyurur: “Şəhərdən soruş”. (Qurani-Kərim, “Yusuf ” surəsi, 82-ci ayə)

3. Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkəyə dedi: “Sən necə də gözəl vətənsən! Sən mənə necə də sevimlisən! Əgər qövmüm məni səndən çıxartmasaydı, səndən qeyrisində yaşamazdım”. (Tirmizi rəvayət etmiş və Albani “səhihdir” demişdir)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Məkkəni çox sevirdi. Əgər səbəb olmasaydı, oradan çıxmaq istəməzdi. Mədinəyə hicrət edərək orada məskunlaşdı. Məkkəni sevdiyi kimi Mədinəni də sevdi və ona öyrəşdi. Hətta, Mədinəni sevmək üçün dua edərək deyərdi: “Allahım, Məkkəni sevdiyimiz kimi Mədinəni də bizə daha çox sevdir”. (Buxari rəvayət etmişdir)
O, həmçinin, İbrahimin (Allahın ona salamı olsun) Məkkə üçün dua etdiyi kimi Mədinənin və ruzisinin bərəkətli olması üçün dua etmişdir.
Biz görürük ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sevgisi yaşadığı abi-hava ilə təsirlənmişdir. O, Məkkəni sevərək onun üçün darıxırdı. Mədinədə yaşayıb ona öyrəşdikdən sonra isə Məkkə sevgisindən də üstün Mədinə sevgisi verməsi üçün Allah-Təalaya dua edirdi. Sonralar isə Mədinəni sevdiyini bəyan edər, ora üçün darıxar və Mədinəyə qayıtdığı zaman isə sevinərdi.

4. İbn Şihab Zuhri rəvayət edərək demişdir: “Useyl əl-Ğifari (Allah ondan razı olsun) (Məkkədən) gələn zaman… Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Ey Useyl, Məkkəni necə gördün?” O, dedi: “Vallahi gördüm ki, Məkkənin xeyri çoxalıb, vadiləri sulanıb, otu böyüyüb, ağaclarının yarpaqları cücərib və bitkiləri yaşıllaşıb”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kifayətdir ey Useyl, bizi kədərləndirmə”. (İbn əl-Əsir, “Usud əl-Ğabə” 1/121).
Hədisdən göründüyü kimi vətəndən danışmaq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) duyğularını təsirləndirərək qəlbindəki (Məkkə) sevgisini riqqətə gətirmişdir.

Vətənə aid olan şəri haqlar

1.Vətəndaşlar arasında birlik və cəm olma haqqı
Camaat sözü- ərəb sözü olub təfriqə sözünün əksi sayılan toplaşmaq deməkdir. Camaat sözü cəm sözünün kökündəndir və insan toplumuna camaat deyilir. Camaat sözü şəri istilahda isə “haqq üzərində toplamaq və təfriqə salmamaq” deməkdir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Camaat olun və təfriqə salmaqdan çəkinin! Həqiqətən də, şeytan tək qalanla olar və iki nəfərdən( toplumdan) isə uzaq durar. Kim Cənnətin ən yaxşı yerini istəyirsə, camaatla olsun”. (Əhməd, “əl-Musnəd”. Albani “həsəndir” demişdir)

Vətən ilə əlaqəni gücləndirmək İslamın həvəsləndirdiyi camaat ilə əlaqəni gücləndirmək deməkdir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Allahın əli camaatladir”. (İbn Əbi Asim, “əs-Sunən” 1/40)
Cəm olaraq əl-ələ vermək vətənə olan məhəbbətin və ona mənsub olmanın tələblərindəndir. Bir-birilərinə qüvvət vermək və öz aralarında köməkləşmək müsəlman toplumunun sifətlərindəndir. Düşmən qalib gəlmək üçün nifrət, təfriqə və çəkişmə salmasından güclü bir boşluq tapa bilməz. Düşmənin ən yaralı yeri isə vətəndaşların cəmləşərək əlbir olmalarıdır.

2.Vətəni müdafiə haqqı
Vətəndən çıxarılmaq döyüşə izn verən səbəblərdən biri edilmişdir.
Uca Allah buyurur: “Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz. Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Qurani-Kərim, “Əli İmran” surəsi, 195-ci ayə)

Cihadın icazəli olma səbəblərindən biri vətəni qorumaq, onun müstəqilliyini həyata keçirmək, onu azad etmək və hücum arzusunda olan hər bir qüvvələri çəkindirərək bildirməkdir ki, vətən torpağına toxunmaq böyük bir prinsipə toxunmaq deməkdir. Vətənə toxunmaq düşməni qorxuya salan və fərz buyurulan bir əməli (cihadı) hərəkətə gətirmək deməkdir. Qoy, bununla da düşmənlər min ölçüb bir biçsinlər!
Vətəni müdafiə etmək İslam əqidəsinin əsas prinsiplərindən biridir.

3.Başçıya beyət və itaət haqqı
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Huzeyfə ibn əl-Yəmənə (Allah ondan razı olsun) demişdir: “Müsəlman camaatının və başçısının yanında ol”. (Buxari və Müslim rəvayət etmişdir)

Eləcə də, İbn Abbas (Allah ondan razı olsun), Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunan hədisdə demişdir: “Kim başçısından xoşuna gəlməyən bir şey görərsə, ona səbr etsin. Həqiqətən də, kim camaatdan bir qarış belə ayrılar və ölərsə, cahiliyyət ölümü kimi ölmüş sayılar”. (Buxari rəvayət etmişdir)

İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “Başçılara qarşı çıxmaq əhli sünnə alimlərinin ittifaqı ilə haramdır. Artıq qeyd etdiyim mənada çoxlu hədislər varid olmuşdur. Ona qarşı çıxmağın haramlığının səbəbi bundan əmələ gələn fitnələrə, qan tökməyə və insanlar arasında baş verən fəsadlara görədir”. (ən-Nəvəvi, “Şərhu Müslim 12/229)

-Vətən naminə xeyir üzərində əlbir olaraq köməkləşmək vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətən övladına vacib bir əməldir.
-Hər bir kəs öz vətəninin mənfəəti üçün ciddi çalışmalıdır. Vətənin təhlükəsizliyi naminə, ancaq ordunun və ya müəyyən bir qismin çalışması və digərlərinin isə naz-nemət içində vətən sərvətlərindən istifadə edərək vətənə qarşı olan məsuliyyətlərini boyunlarından atması vətənpərvərlik deyildir.
-Vətənin kommunal xətlərini, yollarını, binalarını və sərvətlərini qorumaq hər bir kəsin borcudur.
-Şagird və tələbələrdə dinə, vətənə qarşı qeyrət, fədakarlıq, kişilik hissini oyadaraq onlara dərk etdirmək lazımdır ki, vətəndə olan hər bir şey həm onlara, həm də digər vətəndaşa da məxsusdur və buna görə də vətənin müqəddəratı ilə oynamaq icazəli deyildir.

Sonda isə Uca Rəbbimizə dua edərək vətənimizin ayrılmaz parçası olan, lakin əlimizdən xaincəsinə alınan Qarabağımızı tezliklə azad etməkdə, Öz Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) vətənindən çıxarıldıqdan sonra bir daha o doğma yurduna başı uca daxil etdiyi kimi bizə də bu gözəl hadisəni nəsib etməkdə, o torpaqlarda namərdlər tərəfindən ələ keçirilmiş “Şuşa məscidini, Ağdam məscidini və erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidləri bərpa etməkdə, orada birlikdə namaz qılmaqda” və hamımıza haqq din və doğma vətən üçün həqiqi mənada çalışmaqda yardımçımız olmasını diləyirəm. Əlbəttə ki, Uca Allah hər şeyə qadirdir…

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb