TERRORÇU, ÇIXIŞI OLMAYAN BİR TƏLƏYƏ DÜŞƏR
İbn Ömər (Allah ondan razı olsun) adlı səhabə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mömin kimsə haram qan axıdana qədər öz dinini rahat yaşa bilər». Daha sonra İbn Ömər deyir: «İnsanın özünü dolaşdırdığı çıxışı olmayan tələ, icazə olmadan haram qan axıtmaqdır» Buxari rəvayət etmişdir.
Hədisin ərəbcəsində deyilən “Fi Fushətin” sözləri, rahatlıqda və köksü açıq halda olmaq mənasındadır. Əgər o haqsız yerə kimisə qətlə yetirərsə, bundan sonra qəlbi sıxılar, yeri daralar. Çünki uca Allah belə əməl sahibinə başqasına vəd etmədiyi əzabı vəd etmişdir. Yəni, haqsız yerə günahsız adamı qəsdən öldürməyə görə vəd olunan əzab səbəbi ilə dinində sıxıntı yaşayacaqdır. İbn Ömərin sözündə işlədilən “tələ” sözü, həlak olmaq, qurtulması çətin olan iş mənasındadır.
ALLAH QATINDA, TERRORÇUNUN ETDİYİNDƏNSƏ, DÜNYANIN MƏHV OLMASI DAHA YÜNGÜLDÜR
Nəsai adlı alim, Bureydədən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir:«Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yetirilməsindən daha yüngüldür».
TERRORÇUNUN ETDİYİ, KƏBƏNİN HAQQININ TAPDALANMASINDAN PİSDİR
İbn Macə, Abdullah ibn Amr (Allah ondan razı olsun) adlı səhabənin belə dediyini rəvayət edir: «Mən gördüm ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Kəbəni təvaf edir və deyir: Sən və sənin ətirin necə də gözəldir. Sən və sənin toxunulmamazlığın necə də əzəmətlidir. Muhəmmədin nəfsi əlində olana and olsun ki, Allah qatında möminin toxunulmamazlığı, səninkindən çoxdur. Möminin malı, qanı toxunulmazdır və onun barəsində yalnız yaxşı zəndə olmaq lazımdır».
TERRORÇUYA, ALLAHIN, MƏLƏKLƏRİN VƏ BÜTÜN İNSANLARIN LƏNƏTİ VARDIR
Dördüncü xəlifə Əli bin Əbu Talib (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:«Müsəlmanların əhd-amanları birdir. Hətta aşağı səviyyəli müsəlmanın əhd-amanı qorunur. Kim bir müsəlmanın əhd-amanını pozarsa ona Allahın, mələklərin və bütün insanların lənəti olsun. Belə insanın nə vacib, nə də könüllü əməlləri qəbul olunmaz» Buraxi və Müslim rəvayət etmişdir.
Hədisin mənasına görə müsəlmanların kafirə aman vermələri məqbuldur. Əgər hər-hansı müsəlman onlara aman versə, onun amanında olduğu müddətdə başqa birinin bu amana xəyanət etməsi haramdır. Qeyri müsəlmana aman vermək, onların əminamanlıqda olmaları və rahat yaşamalarını təmin etməkdir. Belə olan halda onların qətlə yetirilməsi, namuslarına toxunulması və mallarının alınması haramdır.
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb