Hədis
Zubeyr bin Ədiyy deyir ki, biz Ənəs bin Malikin (Allah ondan razı olsun) yanına gəlib Həccac bin Yusufun etdikləri barədə ona şikayət etdik. O dedi: “Səbr edin, siz Rəbbinizin hüzuruna gedənə qədər hər gələn gün ötən gündən daha şərli olacaqdır. Mən bunu sizin Peyğəmbərinizdən (ona Allahın salavatı və salamı olsun) eşitmişəm.” (Buxari rəvayət etmişdir).
Şərh
Bu rəvayətdə səhabələrin vəziyyəti öz əksini tapır. Onlar həqiqətən müdrik (fəqih) idilər, qari (sadəcə oxuyan) deyildilər.
Həccac bin Yusuf tarixdə öz zülmü, ədalətsiz davranışları və haqsız qətlləri ilə tanınmışdır. Camaat gəlib səhabəyə Həccacın etdiklərindən şikayət edəndə, o demədi ki, üsyana qalxın, onu öldürün, ona suiqəsd hazırlayın və sairə bu kimi tövsiyələr vermədi. Əksinə, onlara səbrli olmağı əmr etdi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və saleh sələflərin tutduğu yol budur.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhabələrinə belə demişdi: “Siz məndən sonra haqsızlıq görəcəksiniz.” Yəni sizə qarşı hər şeydə haqsızlıq edəcəklər. Siz nə etməlisiniz?! Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara belə dedi: “(Qiyamət günü) mənimlə hovuz başında görüşənə qədər səbr edin.”
Bəzi insanların bu gün çağırışları sələfin yoluna müxalifdir. Belə ki, onlar xoşagəlməz bir iş görən kimi camaatı üsyana, nümayişlərə, suiqəsdlərə, etirazlara və sairə təhrik edirlər. Halbuki bütün bunlar ümməti sarsıdan və onları lazımi işlərdən məhrum edən amillərdir.
Bizim ölkəmizdə də (Səudiyyəni nəzərdə tutur) oxşar hallar baş verir. Hərdən görürsən ki, hansısa məsələ gənclərin əsas müzakirə mövzusu olur, elə hey o məsələdən bəhs edirlər. Halbuki onlar bu məsələyə vaxt ayırmaqla daha önəmli işləri tərk edirlər. Belə məsələlərin müzakirəsi heç bir fayda gətirmir, əksinə onların fikirlərini, birlikləri parçalayır.
Sələfin məfhumunda kiçik hesab olunan belə məsələlər, sanki dünyanın ən qatı problemi olmuşdur. Sanki dünyada bundan başqa problem yoxdur.
Heç şübhəsiz ki, bu sələfin yoluna ziddir. Bu o demək deyil ki, biz haqsızlığı (batili) dəstəkləyirik. Sadəcə biz səbrli olmağı deyirik. Əgər biz bir şeyi islah edə bilmiriksə, bizim taqətimiz xaricində olan bir işdirsə, bizə səbr etmək vacibdir. Biz problemdən çıxış yolu olaraq başqa üsullardan istifadə etməliyik. Söz-söhbət yaymaq, ölkədə qarşıdurma və parçalanma yaratmaq kimi üsullardan istifadə etmək olmaz. Heç şübhəsiz ki, bu üsulların əgər xeyirli olmaq ehtimalı varsa, yenə də zərəri xeyirindən olduqca çoxdur.
Budur Ənəs bin Malik (Allah ondan razı olsun) ona şikayət edən yoldaşlarına nə deyir?! Onlara səbrli olmağı tövsiyə edir. Çünki problem daimi olmur.
Ənəsdən öncə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz əshabələrinə səbirli olmağı demişdi. Hədisdə belə demişdir: “Kim öz rəhbərindən xoşagəlməz bir iş görərsə, səbr etsin. Həqiqətən kim rəhbərin itaətindən imtina edərsə, cahiliyyət ölümü ilə ölər.”
Nəticə budur ki, bu məsələ müasir dövrümüzdə anarxiyaya, böyük zərərə səbəb ola bilər. Bu işdə ən çox zərər çəkən gənclər və cəmiyyət olacaqdır. Çünki bu gün gənclər heç kəsin məqbul saymadığı işləri söz-söhbətə çevirirlər. Halbuki bizim bu kimi məsələlərə münasibətimiz səbirli davranmaq və hikmətli üsullarla problemi həll etməkdir. Daha bu problemləri hər məkanda, hər məclisdə müzakirə mövzusuna çevirmək düzgün deyil. Çünki bizim üçün bu məsələlərdən daha önəmli olan məsələlər vardır.