Qəzəbin boğulması, hiddətin olmaması və insanları bağışlama gözəl əxlaqdan irəli gəlir. Allah taala buyurur: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (Əli İmran, 137) İbn Kəsir bu ayənin bir çox mənasını qeyd edir.
Bütün mənalarda ayə insanı yumşaq xasiyyətliliyə, geniş qəlbli olmağa, digərlərini bağışlamağa səsləyir. Hakimin “əl-Müstədrək” əsərində qeyd etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim Cənnətdə onun üçün ev tikilməsini və dərəcəsinin yüksəlməsini istəyirsə, onda vaxtilə ona zülm etdiyi şəxsi bağışlasın, ona əl tutmadığı şəxsə əs tutsun və onunla əlaqələrini kəsmiş şəxslə münasibət qursun!” Bunun əksi qəzəbdir. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir çox hədislərində qəzəblənməyim qadağan etmişdir. Məsələn, günlərin birində səhabə rəsulullahın yanına gələrək ondan nəsihət istəmişdi. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə ona “Qəzəblənmə!” demiş və bu sözü bir neçə dəfə təkrarlamışdı. Bu, özündə bütün xeyri ehtiva edən böyük bir nəsihət idi. Başqa bir səhih hədisdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Qəzəblənmə, sənin üçün Cənnət var!” Digər bir hədisdə Allahın rəsulu (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Güclü olan güləşdə yıxan deyildir. Əsl güclü qəzəbləndiyi zaman özünü ələ ala biləndir”.