Əliaçıqlılığın əksi xəsislikdir. Xəsislik insanın mala-mülkə hərisliyindən və kasıblıqdan qorxaraq ona bərk yapışmasından irəli gəlir. Xəsisin Allah qatında heç bir etibarı olmaz. Xəsislik, mala hərislik insanı zülmə sürükləyir.
Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Cabir bin Abdullahdan rəvayət olunan hədisdə buyurur: “Zülmdən çəkinin! Həqiqətən, o, Qiyamət gününün qaranlığıdır. Xəsislikdən çəkinin! O, sizdən əvvəlkiləri bir-birilərinin qanlarını axıtmağa və haramları halal bilməyə sövq edərək məhv etmişdir”.
Xəsislik paxıllıqdan daha pisdir. Xəsislik malın həriscəsinə mənimsənilməsidir. Xəsislik paxıllığı özündə ehtiva edərək onu daha da artırır. Allah taala buyurur: “Nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (əl-Həşr, 9) İbn Məsud deyir ki, xəsislik başqalarının malını nahaqdan mənimsəməkdir. Öz malından digərlərinə verməmək isə paxıllıqdır ki, bu da qəbahətdir. Qurani-Kərim yalançı və paxıl kimsələrin Qiyamət günündəki hallarını təsvir edərək onlara nə mallarının, nə də mülklərinin fayda verməyəcəyini xatırladır: “Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, möhtac olmadığını sansa, Və ən gözəl sözü yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz”. (əl-Leyl, 8-11) Paxıl sahib olduğu bu pis xislətə görə cəmiyyətdən kənarlaşdırılan bir şəxsdir. Çünki, o, xeyriyyə layihələrində yardımçı olmur, yaxşı əməllərin iştirakçısı olmur. Allah taala xəsislik edərək zəkat verməyənləri şiddətli əzabla qorxudur: “Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”. (Əli İmran, 180) Qurani_kərim paxılları və xəsisləri alçardır və onları Allahın əzabı ilə xəbərdar edir: “O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi ne’mətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!” (ən-Nisə, 37)
İbn Kəsir (Allah ona rəhmət etsin) deyir: “Allahın öz lütfündən bəxş etdiyi ne’mətləri gizlədirlər” Paxıl olan kəs Allahın nemətlərinə nankorluq edərək inkar edər, onu nə geyimində, nə qidalanmasında, nə də ki gündəlik məsrəflərində üzə çıxartmaz. Buna görə də Allah taala onu şiddətli əzabla xəbərdar etmişdir: “Biz kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!” Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, Allah bir qula nemət bəxş etdikdə, o nemətin onun üzərində olmasını istər”. Allah taala sədəqə verərkən minntə qoymağı və əziyyət verməyi qadağan etmişdir: “Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (əl-Bəqərə, 264) Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Üç şəxs vardır ki, Qiyamət günü Allah onları danışdırmaz, onlara tərəf baxmaz, onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı əzab var: Verdiyi zaman minnət qoyan, təkkəbbürcəsinə topuqdan aşağı geyinən və malını satmaq üçün yalandan and üçən”. Hər şeyin ən doğrusunu Uca Allah bilir.