Şura surəsinin 23-cü ayəsinin təfsiri haqqında çox sual olunduğu üçün bu ayənin təfsiri haqqında qısa araşdırma təqdim etməyi qərara aldıq ki, bu haqda yaranan suallara cavab olsun.
Sualda deyirlər ki, haqqında danışılan ayədə Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) insanları dinə dəvət etməyi müqabilində onlardan əhli beytinə yaxşı davranmalarını tələb etmişdir?
“De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm.” (Şura: 23).
Səhih əl-Buxaridə bu ayənin təfsirində rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsiri haqqında soruşulduqda, Səid bin Cubeyr adlı tabiin dedi: Ayədəki qohumlar, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ailəsidir. İbn Abbas dedi: “Sən ayəni təfsir etməkdə tələsdin. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Qureyşin bütün soyları ilə qohum idi. Ayənin mənası budur ki, “mən sizdən yalnız aramızda qohumluğu qorumağı tələb edirəm. (Yəni, mən sizi dəvət edirəm deyə siz mənə düşmən kəsilmisiniz. Qoyun dəvətimi edim, heç olmasa sizinlə qohum olduğumu nəzərə alın.)”
Bu mənanı təkid edən hal Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dəvətinə görə əsla qarşılıq istəməməsidir.
Uca Allah buyurur: “De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!” (Sad: 86).
Digər ayədə buyurur: “Halbuki sən bundan (islamın təbliğı və imana dəvətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Quran) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!” (Yusuf: 104).
Başqa ayədə isə belə buyurur: “De: “Mən (bunun müqabilində) sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!” (Səba: 47).
Ondan əvvəl gəlmiş Peyğəmbərlər də öz tayfalarına eyni cavabı veriblər.
Nuh Peyğəmbər (ona Allahın salamı olsun): “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (Şuəra: 109).
Hud Peyğəmbər (ona Allahın salamı olsun): “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (Şuəra: 127).
Saleh Peyğəmbər (ona Allahın salamı olsun): “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (Şuəra: 145).
Lut Peyğəmbər (ona Allahın salamı olsun): “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (Şuəra: 164).
Şueyb Peyğəmbər (ona Allahın salamı olsun): “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (Şuəra: 180).
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Peyğəmbərlərin ən əfzəli olduğu halda onun təbliğ müqabilində nə isə istəməsi ona yaraşmazdı. Uca Allahın “bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm.” ayəsinin mənası budur ki, məni bir qohum kimi sevin. Mən sizin qohumunuzam. İmkan verin insanları dəvət edim. Səhih hədisdə deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allah yoluna dəvət etməyə imkan versinlər deyə Qureyş qəbiləsinə müraciət edir və deyir: “Əgər mən təbliğimdə uğurlu olsam əldə etdiyim sizin olsun, yox əgər insanlar məni öldürsələr əliniz mənim qanıma bulaşmaz.”
Əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) təbliğ müqabilində əhli beytinə yaxşılıq etməyi tələb edirdisə, o zaman ərəbcə xitabında “lizil qurbə”, yaxud “lizəvil qurbə” (qohumlarıma) ifadəsindən istifadə etməliydi. Amma ayədə “fil qurbə” (qohumluğa görə) ifadəsinin işlədilməsi açıq-aşkar göstərir ki, burara Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli beytindən söhbət getmir.
Onu da qeyd etmək lazımdır ki, bu ayə Məkkədə nazil olub. Həmin vaxtlar Əli (Allah ondan razı olsun) uşaq idi və hələ Fatimə (Allah ondan razı olsun) ilə evlənməmişdi. Həsən və Hüsyen də dünyaya gəlməmişdilər.
Şeyxulislam İbn Teymiyyə (Allah rəhmət etsin) demişdir: “Qurani kərimdə qohumluq əlaqələri haqqında danışılan bütün ayələrdə “zəvil qurbə” (qohumlara) ifadəsi işlədilmişdir. (məsələn, Bəqərə surəsinin 177-ci ayəsində.) Bu ayələrdə “fil qurbə”(qohumluğa görə) ifadəsi işlədilməmişdir. Həmçinin təbliğ müqabilində qohumlarına yaxşı davranmağı tələb etmək Peyğəmbərlik məqamına yaraşan bir istək deyil. Bu növ istək dünyaya bağlı insanın istəyidir. Ayədə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) təbliğ müqabilində əhli beyt ilə xoş davranmağı tələb etməsini iddia etmək Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) qarşı ciddi ittihamdır.” (Minhəcus Sunnə: 7/101).
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb