Əziz Qardaşlarım! Əvvəldə, Quran və sünnədən gətirdiyimiz sübutlar bütün dini işlərdə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə itaət etməyin vacibliyini vurğulayır. Kim onun sünnəsini hakim seçməyə və ona itaət etməyə razı olmursa o, mömin deyildir. Mən, iki əhəmiyyətli nöqtəni sizin nəzərinizə çatdırmaq istəyirəm, onlar:
Birinci: Bu dəlillər qiyamətə qədər Islam dəvəti çatmış hər bir kəsə aiddir. Bu iki ayədə “Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu” (əl-Ənam: 19),
“(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik” (Səba: 28) – sözləri ilə, açıq-aşkar qeyd olunur.
Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bu ayələri hədisdə açıqlayaraq buyurmuşdur: “Əvvəlki Peyğəmbərlər yalnız öz tayfalarına göndərilirdilər, mən isə bütün insanlara göndərilmişəm” (Buxari və Müslim). Digər hədisdə deyilir: “Nəfsim əlində olana and olsun! Bu ümmətdən yəhudi və ya xaçpərəst olan bir kişi mənim haqqımda eşidib iman gətirməzsə, o mütləq cəhənnəm əhlindən olar” (Müslim və b.).
Ikinci: O, bütün dini işləri əhatə edir. Bunun əqidə və ya əməli hökm olmasının heç bir fərqi yoxdur. Əgər bir səhabə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) buyurduğu əmri bir nəfər vasitəsi ilə eşitdikdə ona itaət etmək vacib olurdusa, eləcə də bir nəfər səhabədən eşidən tabiinə də həmin xəbərə itaət etmək vacib olurdu. Həmçinin səhabə əqidə məsələsində bu hədis bir nəfərdən eşidilən “Əhəd” hədisdir deyərək sünnəni rədd etməzdi. Səhabə və tabiinlər belə olduqları halda biz nə əsasla bu gün sünnəni bu hədis bir nəfərdən eşidilən “Əhəd” hədisdir deyərək rədd edə bilərik! Əslində bizim üçün həmin hədisi xəbər verən adamın etibarlı olması kifayətdir. Bu əməl qiyamətə qədər belə davam etməlidir. Çünki səhabələr, tabiinlər və müdrik alimlər bu fikirdədilər.
Şeyx Məhəmməd Nasirəddin əl-Albani