Rəhimli və mərhəmətli Allahın adı ilə
Imam Əbu Davud kimdir?
Imam əbu Davudun tam adı Süleyman ibn əl-Əşəs ibn Ishaq ibn Bəşir əl-Əzdi əs-Sicistənidir. O, Muhəmməd peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- hədislərini əzbərləyən hafizlərindən biridir. Hicrətin 202-ci ilində anadan olmuş və 275-ci ilində vəfat etmişdir.
Əbu Davud tanınmış hədis alimi Buxarinin tələbələrindən biri olmuşdur. O, öz müəllimindən çoxlu faydalanmış və onun elmi uslubunu özünə yol tutmuşdur. Bəziləri bir çox keyfiyyətlərinə görə Əbu Davudu imam Əhmədə bənzədirdilər.
Alimlərin onun barəsində dediyi tərifəlayiq sözlər:
Məhəmməd ibn Ishaq əs-Sağani və Ibrahim əl-Hərbi demişdir: “Hədislər Əbu Davuda asanlaşdırılmışdı. Necə ki, Davud əleyhissalama dəmir yumuşaldılmışdı.”
Hafizlik rütbəsinə ucalmış Musa ibn Harun demişdir: “Əbu Davud dünyada hədis üçün, axirətdə isə cənnət üçün yaradılıb. Mən (bu sahədə) ondan üstün insan görmədim.”
Hakim rütbəsi ilə tanınan Əbu Abdulla demişdir: “Şübhə yoxdur ki, Əbu Davud öz əsrində hədis əhlinin imamı idi.”
Imam Əbu Davudun “Sünən” əsərində rəvayət etdiyi hədislərin sayı:
Əbu Davud bu kitabında Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- rəvayət edilən beş min iki yüz yetmiş dörd (5274) hədisi toplamışdır. O bunları beş yüz min hədisin içindən seçmişdir.
Əbu Davud bu kitabında fəqihlərin dini məsələlərə dəlil gətirdikləri hədisləri və müxtəlif ölkələrdə yaşayan alimlərin bu hədislərə uyğun çıxardıqları dini hökümləri toplamağa çalışmışdır. Bu səbəbdən həmin hədislər əhkamlarla (yəni, hökümlərlə) bağlı olan hədislər adlanır. Məkkə əhlinə yazdığı risaləsində o özü demişdir: “Sünən əsərində olan bütün hədislər əhkamlarla bağlı hədislərdir. Zahidlik, fəzilətli əməllər və sairə barəsində olan çoxsaylı hədisləri bu kitabda qeyd etmədim.”
O, bu kitabını fəsillərə (ərəbcə kitab – red.) ayırmışdır. Hər bir fəslin özünü də hissələrə (ərəbcə bab – red.) bölmüşdür. Sonra hər bir hədisə alimlərin çıxardığı nəticələrlə uyğun olan başlıqlar yazmışdır. Kitab 35 fəsildən və 1871 hissədən ibarətdir.
Sünən əsərində Peyğəmbərdən -ona Allahın salavatı və salamı olsun- (ərəbcə mərfu – red.), səhabələrdən (ərəbcə məvquf -red.) və eləcə də səhabələri görən alimlərdən nəql edilən rəvayətlər vardır.
Imam Əbu Davudun “Sünən” əsərində rəvayət etdiyi hədislərin dərəcəsi:
Əbu Davudun “Sünən” əsərində olan hədislərin dərəcəsinə gəlincə, o bu haqda demişdir: “Bu kitabımda səhih, səhihə bənzəyən və buna yaxın olan hədisləri nəql etmişəm. Zəifliyi (ərəbcə vahn – red.) şiddətli olan rəvayətləri isə bəyan etmişəm. Əgər hədis haqqında heç bir şey qeyd etməmişəmsə deməli o, yararlıdır (ərəbcə saleh – red.). Həmçinin hədislərin bəziləri digərlərindən daha səhihdir.”
Əbu Davudun “Əgər hədis haqqında heç bir şey qeyd etməmişəmsə deməli o, yararlıdır” sözləri haqda alimlər müxtəlif fikirlər söyləmişdir. Beləki, bu söz onun susduğu hədislərin isnadlarının səhih yoxsa həsən (yəni, səhihdən bir pillə aşağı əməl üçün yararlı rəvayət – red.) olmasına dəlalət edir? Ibn Salah, Nəvəvi və başqaları səhihlə həsən hədisin fərqini bilən alimlərdən heç kəs bu rəvayətlərin səhih olmasını deməyirsə, belə hədislərin həsən hökmündə olması rəyini dəstəkləyirlər.
Alimlər “Sünən” əsərini diqqətlə gözdən keçirmiş və Əbu Davudun haqqında susduğu hədislərin dərəcələrinin müxtəlif olduğunu görmüşlər. Belə hədislərdən bəziləri səhihdir və onlar Buxari və Müslimin “Səhih” adlı əsərində də mövcuddur. Bir başqaları isə, səhih olsa da Buxari və Müslimin “Səhih” əsərində mövcud deyillər. Bəziləri də həsəndir. Digərləri isə çox şiddətli olmayan dərəcədə zəifdir. Lakin əməl edilməsi üçün yararlıdır.
Bununla aydın olur ki, Əbu Davudun hansısa hədisə yararlıdır (ərəbcə saleh – red.) sözünü deməkdə məqsədi, səhih, həsən və yararlı və ya digər isnadla gücləndirilmiş az zəifliyi olan hədisləri əhatə edən ümumi mənadır. Əbu Davud, Əhməd, Nəsai və sairə bu kimi çoxsaylı alimlərə görə az dərəcədə zəifliyi olan hədislər əməl edilməsi üçün yararlıdır və insanların rəylərindən üstündür.
Əgər biz, Əbu Davudun “Sünən” əsərinə nəzər salsaq görərik ki, o bəzi hədislər haqda danışaraq onların zəifliyini bəyan edir. Onun bu əməli tənqid və tərif adlı (ərəbcə cərh və tədil – red.) elmi sahə üçün etibarlı əsas və hədis terminləri ilə bağlı elmin qapıları üçün açardır.
Imam Əbu Davudun “Sünən” əsərinə yazılmış şərhlər:
Əbu Davudun “Sünən” əsərini çox alimlər şərh etmişdir. Bunlardan:
1. Əbu Suleyman Həməd ibn Məhəmməd ibn Ibrahim əl-Xəttabinin “Məalimus sünən” əsəri. Xəttabi hicrətin 388-ci ilində vəfat etmişdir.
2. Əl-hafiz Cələluddin əs-Suyutinin “Mirqatus suud ilə sünən Əbu Davud” əsəri. Suyuti hicrətin 911-ci ilində vəfat etmişdir.
3. Əbu əl-Həsən Nurəddin ibn Abdulhədi əs-Sindinin “Fəthul vədud alə sünən Əbu Davud” əsəri. Sindi hicrətin 1138-ci ilində vəfat etmişdir.
4. Məhəmməd Şəmsulhaqq Azimabadinin “Əvnul məbud fi şərhi sünən Əbu Davud”.
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb