İmam Əhməd kimdir?
Onun tam adı, Əhməd ibn Hənbəl ibn Hiləl əş-Şeybənidir. Bu böyük alim, əhli Sünnənin və hədis elminin imamıdır. O, hicrətin 164-cü ilində anadan olmuş və 241-ci ilində vəfat etmişdir.
Imam Şafii demişdir: “Bağdadı tərk etdiyim zaman orada Əhməd ibn Hənbəldən daha elmli və daha əfzəl bir kəs yox idi.”
Ibrahim əl-Hərbi deyir: “Əhmədi gördüm. Sanki Allah keçmişdə və gələcəkdə yaşayan bütün insanların elmini onda cəm etmişdir.”
Əbu Zura, Abdulla ibn Əhmədə belə demişdir: “Sənin atan milyon hədis bilirdi.”
Imam Əhməd sünnəni müdafiə edən və sələf alimlərin yoluna möhkəm sarılan bir alim idi. O, Mötəzilə təriqətini dəstəkləyənlərin “Quran məxluqdur” sözünə qarşı sərt mövqe tutmaqla dini yanlış əqidə sahiblərinin təhriflərindən qorumuşdur. Bu haqda Əli ibn əl-Mədinin dediyi söz sübut olaraq yetərlidir. O deyir: “Allah bu dini “riddə” günü Əbubəkr əs-Siddiqin və “mihnə” günü Əhməd ibn Hənbəlin vasitəsi ilə qoruyub.”
Imam Əhməd elm öyrənmək üçün Şama, Hicaza, Yəmənə və sairə ölkələrə səfər etmiş və cox alimlərdən elm almışdır.
Onun “Musnəd” əsərində olan hədislərin sayı:
Imam Əhməd bu kitabı müsəlmanların əsaslandıqları etibarlı mənbələrdən biri olması üçün toplamışdır. Onu digər “musnəd” adlı əsərlərində olduğu kimi rəvayətçi səhabələrin ad sırası ilə düzmüşdür. O, təqribən qırx min hədisi özündə cəm edən böyük həcimli bir kitabdır. Bu hədislərdən on mini kitabın müxtəlif yerlərində təkrarlanır. Üç yüz hədis isə suləsidir (hədis alimi ilə Peyğəmbər -ona Allahın salavatı və salamı olsun- arasında üç rəvayətçi olduqda belə hədisə suləsi hədis deyilir – tərc.).
Kitabı səhabələrin rəvayətləri ilə tərtib etmişdir. Hər bir səhabənin bütün rəvayətlərini müstəqil bir yerdə yazmışdır. Imam Əhmədin “Musnəd” əsərində 904 səhabənin rəvayəti vardır.
Imam Əhmədin “Musnəd” əsərində olan hədislərin dərəcəsi:
Imam Əhməd əzbərdən milyon hədis bilirdi. O, “Musnəd” əsərini əzbərlədiyi çoxsaylı hədislərin içindən seçmiş və yalnız şəriətə uyğun olan hədisləri yazmışdır. Bəzi alimlər kitabda olan bütün hədislərin səhih olduğunu söyləmişlər. Bir başqaları isə orada qondarma (ərəbcə “movdu” red.) hədislərin olduğunu söyləmişlər. Alimlərdən bəziləri əsərdə qondarma hədislərin sayının doqquz, digərləri isə on beş olduğunu söyləmişlər.
Şeyxulislam İbn Teymiyə “Minhəcus sünnə” əsərində deyir: “Imam Əhmədin “Musnəd” əsərində zəif rəvayət olsa da, onun bu kitabda qoyduğu şərtə əsasən o, “yalançı” kimi tanınan adamlardan hədis rəvayət etməmişdir… Imam Əhmədin oğlu, həmçinin əl-Qatıi “Musnəd” əsərinə əlavələr etmişdir. Bu əlavə edilmiş hədislərdən bir çoxu qondarmadır. Bunu bilməyənlər isə elə bilirlər ki, həmin qondarma hədislər imam Əhmədin rəvayətlərindəndir.”
Ibn Həcər “Əl-Qövlus sədid fiz zəbbi anil Musnəd” əsərində imam Əhmədin “Musnəd” kitabında qondarma hədisin olmadığını bəyan etmişdir. Onun sözlərindən aydın olur ki, “Musnəd” əsərində olan hədislərin əksəryəti etibarlı hədislərdir və orada qondarma hədislər yoxdur. Lakin nadir olan bəzi şübhəli hədislər var ki, onların da qondarma olması ehtimalı çox azdır.
Suyuti “Əl-Cəmiul kəbir” kitabının müqəddiməsində deyir: “Imam Əhmədin “Musnəd” əsərində olan hədislərin hamsı məqbuldur. Orada olan zəiflər də həsənə yaxındır.”