Məkkə surələrindəndir.
Bismilləhir Rahmənir Rahim!
1) Qeybət tənə vuran hər kəsin vay halına!
2) O kimsə ki, mal yığıb onu dönə-dönə sayar.
3) Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4) Xeyr! O mütləq Hutaməyə atılacaqdır!
5) Sən nə bilirsən ki, Hutamə nədir?!
6) O, Allahın yanar odudur.
7) Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8) O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir.
9) Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!
“Huməzə” sözü dillə kiminsə arxasınca danışmaq, “luməzə” isə tənə vurmaq deməkdir. Yəni insanları məsxərəyə qoyub, qeybət edib gözdən salmaqdır. Bu haqda “Qeybət edənə, söz gəzdirənə” (əl-Qələm, 11) ayəsində izah vermişik. İbn Abbas bu sözlərin tənə vurub qeybət edən mənasına gəldiyini söyləmişdir. Rəbi ibn Ənəs demişdir: “Huməzə” üzünə tənə vurmaq, “luməzə” isə arxasınca qeybət etməkdir. Qatədənin sözlərinə görə, o kəslər ki, dil və gözləri ilə insanları məsxərəyə qoyub, onların ətlərini yeyər, onlara tənə edərlər. Mucahid deyir ki, “Huməzə” əl və gözlə, “luməzə” isə dillə insanları tənə edib, qeybət etməkdir. İbn Zeyd də belə demişdir. Malik Zeyd ibn Əsləmin belə dediyini nəql etmişdir: “Huməzə” insanların ətləridir”. Bəziləri qeyd edirlər ki, burada Əxnəş ibn Şureyq nəzərdə tutulmuşdur. Lakin başqalarının da adı çəkilmişdir. Mucahid isə deyir ki, ayə hər kəsə şamil olunmuşdur.
Daha sonra Allah təala buyurur: “O kimsə ki, mal yığıb onu sayar”. Yəni malı üst-üstə yığıb onu dönə-dönə sayar. Allah təala başqa bir ayədə buyurur ki, “Və yığıb saxlayanı!” Bunu Süddi və İbn Cərir söyləmişlər. Məhəmməd ibn Kəb “O kimsə ki, mal yığıb onu sayar” ayəsi haqda demişdir: “Malı onu gündüzlər burdan ora, ordan bura atar, gecələr isə leş kimi yatar.
“Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır”. Yəni o elə düşünər ki, yığdığı mal-dövləti onu bu dünyada əbədi yaşadacaqdır. “Xeyr!” Yəni, heç də onun güman etdiyi kimi deyildir. Daha sonra Uca Allah buyurur: “O mütləq Hutaməyə atılacaqdır!” Malını üstü-üstə yığıb onu dönə-dönə sayan kəslər mütləq Hütəməyə yuvarlanacaqlar. Hütəmə Cəhənnəmin adlarından biridir. Belə adlandırılmasının səbəbi orada onlarları əzməsidir. Daha sonra Allah təala buyurur ki, “Sən nə bilirsən ki, Hutamə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar”. Sabit əl-Bənnani deyir ki, onlar diri ola-ola ürəkləri yanar. Bu, onlara əzabın gəlişinin ifadəsidir. Məhəmməd ibn Kəb əl-Qurazi demişdir: Bədənin hər tərəfini yeyər, nəhayət ürəyinin halqasına çatdıqda, yenidən bədəninə qayıdacaqdır.
“O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir”. Bələd surəsində qeyd olunduğu kimi, Cəhənnəm onların üzlərinə kilidlənəcək. İbn Mərdəveyh nəql edir ki; bizə Abdulla ibn Məhəmməd Əbu Hureyrədən (Allah ondan razı olsun!) “O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir” ayəsi barəsində Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət etmişdir: “Kilidlənəcəkdir”. Bunu Əbu Bəkr ibn Şeybə də Abdulla ibn Huseyt vasitəsilə Əbu Salehdən də rəvayət etmiş, lakin Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) istinad etməmişdir. “Onlar hündür sütunlara bağlanmış olacaqlar!” Atiyyə əl-Ovfi deyir ki, sütunlar dəmirdən olacaqdır. Süddidin sözlərinə görə isə sütunlar oddan olacaqdır. Şəbib ibn Bişr İkrimə vasitəsilə İbn Abbasın Onlar hündür sütunlara bağlanmış olacaqlar!” ayəsi barəsində belə dediyini nəql etmişdir: “Hündür darvazalar nəzərdə tutulmuşdur”. Qatədə deyir ki, bu ayə Abdulla ibn Məsudun qiraətində “إِنَّهَا عَلَيْهِم مُؤْصَدَةٌ بِعَمَدٍ مُمَدَّدَةٌ” (innəhə aleyhim musadəh, bi-amadin muməddədəh – O, onların üzərinə uzadılmış sütünlar ilə kilidlənəcəkdir). Ovfi İbn Abbasın belə dediyini nəql edir: “Allah onları sütunların arasında cəhənnəmə daxil etmiş, üstlərinə sütunlar salmışdır. Boyunlarında zincirlər olacaq və onlarla da qapılar bağlanacaq. Qatədə deyir ki, bizə bildirilənə görə, onlara cəhənnəmdə sütunlarla əzab veriləcək. İbn Cərir də bu fikri dəstəkləmişdir. Əbu Saleh isə “hündür sütunlar”ı ağır qandallar kimi təfsir etmişdir.
“Əl-Huməzə” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.