salaf-us-saalih.com saytına istinadən zəvvarlara ən vacib nəsihətləri təqdim edirik.
1. Həcc, Peyğəmbərlərin və Elçilərin səndən öncə çıxdığı səfərdir. Peyğəmbərlərin yolu ilə gedənlər tövhidi və Allahın evini mədh edir. Buna görə də ilk öncə niyyətini Allahdan qeyrisinə ibadətdən təmizlə. İbrahim və oğlu İsmayılın Allahın evi olan Kəbənin əsasını qoyarkən dediyi sözləri xatırlayaraq istiğfar et və səmimi qəlbdən Allaha itaət et: “Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 128-ci ayə).
2. Sən yola çıxmağa hazırlaşırsan və evinə qayıda da, qayıtmaya da bilərsən. Allahın Evinə edəcəyin bu səfəri Allahın istədiyi kimi et. Bizi mütləq gözləyən növbəti səfər, bizi Uca Allaha qovuşduracaq səfər barədə düşün.
Belə bir sual meydana çıxacaq:
Mən o Gün üçün nə hazırlamışam?
Allahın əmrlərinə riayət edirəmmi?
Məhəmmədin (Allahın ona salavat və salamı olsun) Sünnəsinə riayət edirəmmi? Allahı həqiqətən tanıyırammı?
Allahın Öz Kitabında buyurduğu və Peyğəmbərlərinin təsdiqlədiyi kimi ərşin üzərində 7 qat səmadan yüksəkdə olduğuna inanırammı?
Mən Allahın Quranda buyurduğu və Peyğəmbəri Məhəmmədin (Allahın ona salavat və salamı olsun) təsdiqlədiyi kimi öz Əzəmətinə yaraşan həqiqi Üzünün olduğuna inanan möminəmmi?
Mən Allahın öz Kitabında təsdiqlədiyi və Elçiləri tərəfindən təsdiqlənmiş bütün adlarına, atributlarına və fellərinə inanırammı?
Yoxsa yanlışlıqla Allahın sifətləri və fellərinin mənasını inkar və ya təhrif edərək qəbul edirəm?
“Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız”. (Müqəddəs Quran, “Qasas” surəsi, 88-ci ayə).
3. Allah sənə rəhm etsin, sən miqata çatanda bil ki, səni bir miqat daha gözləyir. Bu, Qiyamət günü olacaq miqatdır (təyin olunmuş görüş).
“De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar”. (Müqəddəs Quran, “Vaqiə” surəsi, 49-50-ci ayələr).
4. Təlbiyyəyə başlayanda, Allah Əzzə və Cəllənin İbrahim Peyğəmbərə (Allahın ona salamı olsun) əmrini xatırla: “İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun dəvələr üstündə gəlsinlər”. (Müqəddəs Quran, “Həcc” surəsi, 27-ci ayə).
Etdiyin təlbiyyə, İbrahim Peyğəmbərin Allahın evini ziyarət etmək çağırışına cavabdır. Allah ən Böyükdür.
5. Məkkəyə daxil olduqda xatırla ki, sən müqəddəs ibadətgahdasan: “Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu (bunu) bilmir”. (Müqəddəs Quran, “Qasas” surəsi, 57-ci ayə).
İnsan istiğfar etməli, Allah haqqında gözəl zənndə olmalı, ümid etməlidir ki, Allah onu öz cəzasından əmin-amanlıqda saxlayacaq.
6. Sən Məscidul-Həramın qapılarından birindən girəcəksən. Və budur, Uca Allahın gözəl evi Kəbənin qarşısındasan. Neçə illərdir görməyə ümid etdiyin mənzərəni görürsən. Allah Subhanəhu və Təalaya səni müvəffəq etdiyi üçün minnətdar ol və ümid et ki, O (Əzzə və Cəllə) Qiyamət günü Öz Əzəmətli Üzünü göstərməklə sənə ən böyük mükafatı bəxş etmiş olacaq. Bu minnətdarlıq sadəcə “əlhəmdulillləh” deməklə olmur, həmçinin Həcdə ikən və bütün ömrün boyunca Allaha ibadət etməklə olur.
7. Sən təriflərə layiq Allahı mədh etmək üçün ən gözəl vaxt olduğunu bilib təvafa başlayırsan. Onu (Əzzə və Cəllə) adları, atributları və felləri ilə xatırla. Həmçinin təvaf edərkən Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu gün sənin etdiyini etməsinə mane olduqları dövrü xatırla. O daha sonra oranı Allahdan qeyrisinə ibadəti ifadə edən bütlərdən təmizlədi! Bütün bütlər məhv edildi. Özünü dua ilə məşğul et.
Uca Allahdan səni doğru əqidədə və sələflərin yolunda sabit qalmağı və bu yolda ölməyi nəsib etməsini istə. Allahdan səni şirkin və bidətin bütün növlərindən qorumasını istə.
Doktor Saleh əs-Saleh (Allah rəhmət etsin)
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb