İmam Əbu Cəfər Əhməd ət-Tahavi haqqında alimlərin rəyi
İbn Yunus: “ət-Tahavi etibarlı, dürüst, fəqih, aqil bir insan idi. Ondan sonra onun kimisi gəlməyib”.
Nüfuzlu İslam alimi Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Sələmə ibn Sələmə Abdil-Malik ibn Sələmə əl-Əzdi ət-Tahavi imam, mühəddis, fəqih, hafiz idi. Onun atası və dayısı İmam İsmayıl ibn Yəhya əl-Muzəni də alim idi.
Onun 300-ə yaxın müəllimi var idi. O, dünyanın müxtəlif ölkələrindən Misirə gəlmiş alimlərlə xeyli vaxt keçirir və onların elmini də öz elminə əlavə edirdi. Bir çox alimlər onu mədh edir və etibarlı, dürüst, fəqih, aqil, güclü hafizəyə malik bir insan və təqvalı mömin kimi təsvir edirdilər. O, fiqh və hədis elminə yüksək səviyyədə bələd idi.
İmam əz-Zəhəbi “ət-Tarix əl-Kəbir” kitabında yazır: “O fəqih, mühəddis, hafiz, kübar şəxsiyyətlərdən biri idi, həmçinin, o, etibarlı, dürüst, fiqh elminə bələd və aqil bir insan idi”.
İbn Kəsir “əl-Bidəyə van-Nihəyə” kitabında onun haqqında deyir: “O, ən etibarlı, dürüst və görkəmli hədis alimlərindən (hafiz) biri idi. O, əvvəl gələnlər (sələf) və sonra gələnlər (xələf) arasında elm üzrə bir növ vasitəçi idi”.
İmam Tahavinin doğumu
Tahavi- Misirin Said bölgəsinin Taha kəndinə nisbət deməkdir. O, hicri ilə 239-cu (miladi 853) ildə Tahada anadan olmuş, elm, təqva və salehlik dolu bir nüfuzlu ailədə boya-başa çatmışdır. Onun atası elm əhlindən sayılmaqla yanaşı, həm də hörmətli bir şair idi. Anası isə İmam Şafiinin dostu, ardıcılı və böyük alim Muzəninin bacısı idi. Həmçinin, anası da təqvası, İslam elmi və fiqhi ilə tanınmış bir xanım idi. Beləliklə, Allah- Təala körpə Əhməd ət-Tahaviyə elmlə dolu saleh bir ailədə tərbiyə almağı nəsib etmişdir.
İmam Tahavinin elm tələb etməsi və müəllimləri
O, ilk dəfə alim, fəqih anasından dərs almış, sonra isə İmam Əbu Zəkəriyyə Yəhya ibn Məhəmmədin elm halqalarına qatılaraq elm almaqla yanaşı, Qurani-Kərimi də əzbərləmişdir. Həmçinin, atasının da elm halqalarına qatılaraq elm və ədəbiyyat öyrənmiş və dayısı Muzəninin də dərslərində iştirak edərək İmam Şafiinin “Sünən” kitabından, həmçinin də, fiqh və hədis elmindən dərs almışdır. Beləliklə o, Şafii fiqhinin başlanğıcını atasından, dərinliklərini isə dayısı İsmayıl ibn Yəhya əl-Muzənidən (ö.h. 264) öyrənmişdir. Sonradan isə Hənəfi məzhəbinin alimi olan Əbu Cəfər ibn Əbu İmran əl-Hənəfinin (ö.h. 280) yanında Hənəfi fiqhini öyrənmiş və hətta, öz zamanının ən böyük Hənəfi alimi olmuşdur. Buna baxmayaraq, kor-koranə təqlidçi olmadığı üçün bəzi məsələlərdə Hənəfi məzhəbindən kənara çıxardı. Bunun səbəbi barədə soruşularkən deyir: “(Kor-koranə) təqlidçi yalnız ağılsız insan olar”. Onun bu sözü Misirdə əzbərlənən məşhur bir ifadəyə çevrilir. O, bu məşhur sözü ilə məzhəbi deyil, araşdıraraq dəlilə əsaslananı götürməyin lazım gəldiyini bildirmişdir.
Əhməd ət-Tahavi hicri ilə 268-ci ildə Şama gedərək Qazi Əbu Həzm Abdul Həmid ibn Cəfərin yanında dərs almış və elə bu səfərində Qüds, Asqalən, Ğazzə və Dəməşqə də gedib oranın alimləri ilə görüşərək onlardan faydalanmış və eyni zamanda, fayda vermişdir.
Yuxarıda adı çəkilənlərlə yanaşı, onun digər məşhur şeyxləri də olmuşdur. Bunlara Əhməd ibn Şueyb ibn Əli ən-Nəsaini (ö.h. 303), İshaq ibn İbrahim ibn Yunus əl-Bağdadini (ö.h. 304) və Bəhr ibn Nasr ibn Sabiq əl-Xovlanini (ö.h. 267) misal gətirmək olar.
İmam Tahavinin tələbələri
İmam Tahavi əsrinin məşhur olan müxtəlif elmlərini dərindən bilməsinə görə, onun səsi elm tələbələri arasında yayılır. Elm almaları üçün İslam diyarının hər bir tərəfindən onun yanına axınla gəlməyə başlayırlar.
Onun həddindən artıq çox tələbələri olub. Lakin bəzilərini- Misirin qazisi Əhməd ibn İbrahim ibn Həmmədi (ö.h. 329), tarixçi Abdur Rəhman ibn Əhməd ibn Yunusu (ö.h. 347), məşhur “əl-Məacim” kitabının müəllifi Süleyman ibn Əhməd ibn Eyyub ət-Tabəranini (ö.h. 360) və “əl-Kəmil fil Cərh vat Təadil” kitabının müəllifi Abdullah ibn Adiyy ibn Abdullah əl-Corcanini (ö.h. 365) misal gətirmək olar.
Zamanının siyasi və dini durumu
Onun yaşadığı hicri ilə 3-cü əsrdə və ikinci Abbasilər dövlətinin zəiflədiyi illərdə dövlət işləri türklərin əlində olduğu üçün həmin zaman “türklərin nüfuzu zamanı” adlanmışdı. O, türklərdən ibarət Tulunilər dövlətinin bütün başçıları ilə eyni zamanda yaşamış və onların bəzilərinin yanında xüsusi hörmət qazanmışdır. Bu başçılardan Tulunilər dövlətinin əsasını qoyan Əhməd ibn Tulunu (254-270), Xumaraveyh ibn Əhməd ibn Tulunu (270-282), Əbul Asakir Ceyş ibn Xumaraveyhi (282-283), Harun ibn Xumaraveyhi (283-292) və Şeyban ibn Əhmədi (292) misal gətirmək olar.
Misir Tulunilər dövlətinin vaxtında əmin-amanlıq, sakitlik və bolluq içində yaşamış, abadlıq, sənaye və ticarət işlərinə xüsusi yer verilmişdir. Tulunilər Misirdə İraqın Samirə şəhərinə bənzər əl-Qataii şəhəri salaraq gözəl yollar, küçələr salmış, məscidlər, anbarlar və hamamlar tikmişdirlər.
Həmçinin, Misir əhalisi bu dövrdə dinə, təqvaya və salehliyə bağlılığı ilə gözəl həyat sürmüş və bütün insanları elmlə məşğul olmuşdur. Tulun başçıları da öz növbələrində dinə və alimlərə üstünlük verərək xalqın islahı üçün onlara hər tərəfli dəstək durmuş və bununla da ölkə, sözün əsl mənasında təqdirəlayiq bir hala gəlmişdir.
İmam Tahavinin əsərləri
O, yazı sənətində də xüsusi istedada malik olmuşdur. Ət-Tahavi Misirdə hənəfilər arasında fiqh elminə ən çox bələd olan insan idi. Baxmayaraq ki, o, digər bütün fiqh və hədis məzhəblərini də incəliklərinə qədər öyrənmiş və müxtəlif İslam elmlərinə yiyələnmişdir. Onun əsərlərinin əksəriyyəti müsəlmanlar üçün faydalarla doludur. Kitabları arasında ən məşhuru “əl-Aqidə ət-Tahaviyyə” kitabıdır. Kitabın həcmi kiçik olsa da, faydaları çoxdur və əməlisaleh sələflərin mənhəcinə əsaslanır. Bu kitabda müsəlmanın əqidəsinə dair hər bir məsələyə toxunulub.
Həmçinin, “Şərhu Məani əl-Əsər” kitabında o, fiqhin müxtəlif tədqiqat sahələrindən və müvafiq dəlillərdən bəhs edir. Tədqiqi zamanı, o, alimlər arasında ixtilafa səbəb olmuş məsələləri qeyd edir. O, hər bir rəyin tərəfdarlarının dəlillərini və sübutlarını yazır, müzakirə edir və öz rəyinə əsasən hansının doğru olduğunu müəyyən edir. Bu kitab, elm tələbəsinə fiqhi anlamaqda kömək edəcək və onu müxtəlif rəylərlə tanış edəcək bir əsərdir. İmam ət-Tahavi 40-a yaxın kitab qələmə alıb. Bu kitablar arasında ən məşhurları “Əhkəmul Quran”, “Şərh əl-Camiul Kəbir”, “İxtiləful Uləmə”, “əl-Cəmiul Kəbir fi əş-Şurut”, “ən-Nəvadirul-Fiqhiyyə” və digərləridir. Həmçinin, 23 kitabı da bu günümüzə çatmayaraq itmişdir.
İmam ət-Tahavi yaxşılığı əmr etməsi və pislikdən çəkindirməsi, haqqı dilə gətirməsi və digər alimlərin, hökmdarların və həmkarlarının təsiri altına düşmədən həqiqət hesab etdiyini bildirməsi ilə məşhur idi. İmam ət-Tahavi 82 yaşında Hicri təqvimi ilə 321-ci ildə, Zülqadə ayının əvvəlində dünyasını dəyişib və Misirdə Qarafə qəbristanlığında dəfn edilib. Allah-Təala ona rəhmət etsin.
İmam Zəhəbinin nəqli ilə aşğıdakı hədislərin bəzi yollarının rəvayət edənlərindən biri də İmam Tahavidir.
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (çoxlu nafilə olan) oruc tutardı, hətta, deyərdik ki, o, orucunu açmır. Orucunu açanda da deyərdik ki, o, oruc tutmur. Onu yalnız Ramazanın bütün ayını oruc tutduğunu gördüm. Ən çox orucu isə Şaban ayında tutduğunu gördüm”. (Malik, Əbu Davud, Nəsai və digərləri rəvayət etmişdir)
Əbu Zərr (Allah ondan razı olsun) belə rəvayət edir: “Peyğəmbər (Allahın ona salavat və salmı olsun) ilə səfərdə idik. Gecə düşən zaman o, kənara çəkilərək uzun müddət dayandı və sonra yanımıza gələrək dedi: “Rəbbim tərəfindən (Cəbrayıl (Allahın ona salamı olsun)) yanıma gələrək mənə xəbər verdi ki, ümmətimdən Allaha şərik qoşmayaraq ölən Cənnətə daxil olacaq”. Dedim ki, zina və oğurluq etsə belə? Dedi: “Zina və oğurluq etsə belə””. (Buxari və Müslim rəvayət etmişdir). (Zəhəbi, “Siyəru Əaləm ən-Nubələ” 15/31)
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb