Görkəmli şəxslərin həyatı Məqalələr

Görkəmli İslam alimləri: İmam Dəraqutninin həyatı

İmam Dəraqutninin həyatı

İmam və hafiz Əbul Həsən Əli bin Ömər bin Əhməd bin Mehdi bin Məsud bin ən-Numan bin Dinar bin Abdullah əl-Bağdadi əd-Dəraqutni hicri təqvimlə 306 (miladi 918)- cı ildə, Bağdadın “Dar əl-Qutn” (pambıq evi) adlı böyük qəsəbəsində doğulub. Onun Dəraqutni təxəllüsü doğulduğu şəhərin adı ilə əlaqəlidir.

İmam Dəraqutninin elm tələb etməsi

Dəraqutni elm və fəzilət dolu evdə böyümüşdür. Atası etibarlı və böyük hədis alimlərindən idi. Dəraqutni uşaqlığından atasının elm məclislərində olduğunu, eşitdiklərini yazaraq təlif etdiyini gördüyü üçün elə erkən yaşından onda da elm tələb etmək və bunun üçün də çalışmaq sevgisi canlanmışdır. Həmçinin, çalışması ilə yanaşı elmin dərinliklərinə nail olmasına onun güclü istedadı, iti zehni və qavrayan hafizəsi də çox kömək etmişdir.
Əbul Fəth Yusif ibn Ömər əl-Qovvas deyir ki, bir gün Əbul Qasim əl-Bəğavinin dərsinə gedirdik. Dəraqutni uşaq ikən əlində üzərində turşu olan çörəklə arxamızla gəlirdi. Biz Əbu Muniin (Bəğavinin) yanına daxil olaraq onun girməsinə mane olduq və o da qapının yanında oturaraq ağlamağa başladı.
İmam Xatib deyir ki, Zuhri bizə dedi: “Mənə xəbər çatdı ki, Dəraqutni cavanlıq çağında İsmayıl əs-Saffarın elm məclisində oturmuşdu. İsmayıl imla edən zaman Dəraqutni əlində olan yazını digər vərəqə köçürürdü. Bir kişi ona dedi: “(Məşğul olaraq) köçürtdüyün üçün sənin şeyxdən eşitmən düzgün sayılmır”. Dəraqutni ona dedi: “Mənim imlaya olan anlayışım sənin anlayışından fərqlidir. Şeyxin imla etdiyindən nə qədər əzbərləmisən?” O dedi: “Heç nə əzbərləməmişəm”. Dəraqutni dedi: “Şeyx on səkkiz hədis imla etdi. Birinci hədis flankəsdən, o da flankəsdən rəvayət olunub. Mətni də belə və belədir. İkinci hədis də flankəsdən, o da flankəsdən rəvayət olunub. Mətni də belə və belədir. O, belə davam edərək hətta bütün hədisləri qeyd etdi və insanlar ondan heyrətə gəldilər”.
Allah -Təala imam əl-Dəraqutniyə qeyri-adi yaddaş bəxş etmişdi. Bu barədə tarix kitablarında səhih rəvayətçi zəncirləri ilə xatırlanır. O, öz dövrünün insanları arasında fövqəladə və unikal hafizəyə malik insan kimi tanınırdı. O, alimlər, elm tələbələri və tarixçilər arasında bu bacarığına görə məşhurlaşmışdı. Və elə bir gün gəlir ki, onu yalnız “məşhur hafiz, imam” və ya “əsrin hafizi” və buna bənzər adlarla çağırmağa başlayırlar.

İmam Dəraqutninin elm üçün səfər etməsi

Dəraqutninin dövründə Bağdad elm və rəvayət əhli ilə bəzədilmişdi və bütün İslam diyarı onlardan faydalanırdı. Elə Dəraqutninin də həmin alimlərdən faydalanmağına baxmayaraq, öz elmini daha da artırmaq üçün Şam və Misir kimi digər İslam diyarlarına səfər edir.
Əzhəri deyir ki, Dəraqutni Misirə gələn zaman orada Müslim ibn Ubeydullah adlı Mədinə əhlindən olan bir şeyx yaşayırdı. O şeyxdə Xıdr ibn Davuddan onun da Zubeyr ibn Bəkkardan olan nəsəb kitabı var idi. Müslim Ərəb dilinin bəlağət və fəsahətini dərindən bilirdi. İnsanlar Dəraqutnidən şeyxin dərsində nəsəb kitabını oxumasını istəyirlər və o da oxuyur. Oxuduqdan sonra şair və ədəbiyyatçı olan əl-Mueyti ona təəccüblənərək deyir: “Ey Əbul Həsən, sən hədis əhlindən olmağına baxmayaraq, içində şer və ədəbiyyat olan belə bir çətin kitabı səhvsiz oxuyursan?!”

İmam Dəraqutninin ən məşhur şeyxləri

Hafiz, hüccət və əsrinin ən böyük alimlərindən olan Əbul Qasim Abdullah ibn Məhəmməd əl-Bəğavi.
Qazi, mühəddis İmam Əbu Abdullah Hüseyn ibn İsmayıl ibn Səid əd-Dabbi əl-Bağdadi.
Hafiz, İmam Məhəmməd ibn Hafs əd-Duri, əl-Bağdadi.
Hafiz, dilçi, müxtəlif elmlər sahibi, İmam Əbu Bəkr ibn əl-Qasim ibn Bəşşər ibn əl-Ənbəri və qeyriləri.

İmam Dəraqutninin ən məşhur tələbələri

Hafiz, əllamə, hədis alimlərinin şeyxi İmam Əbu Abdullah ibn əl-Beyyi əd-Dabbi ət-Tahməni ən-Nisaburi.
Hafiz, nəsəb alimi, İmam Əbu Məhəmməd Abdul Ğani ibn Əli ibn Səid ibn Bişr əl-Əzdi əl-Misri.
Hafiz, əllamə İmam Əhməd ibn Abdullah ibn Əhməd əl-Mehrani əl-İsfahani və digərləri.

İmam Dəraqutninin vəsfi

Onun xarici görünüşü haqqında yalnız İbn əs-Salahın bu sözləri var: “O hündür, ağbəniz bir insan idi”.

Alimlərin İmam Dəraqutni barədə rəyi

İmam əl-Hakim onun haqqında deyib: “əd-Dəraqutni öz dövründə hafizəsi, anlamaq bacarığı və möminliyinə görə seçilən yeganə şəxs idi. O, qarilərin və nəhv (ərəb dilinin qrammatikası) alimlərinin imamı idi…”
Əbu Zərr əl-Hafiz deyib, mən Əbu Abdullah əl-Hakimdən soruşdum: “Sən Dəraqutni kimisini görmüsən?” O cavab verdi: “O heç özü kimisini özü görməyib, mən onun kimisini necə görüm?”
Qazi Əbu Tayyib Tahir bin Abdullah ət-Təbəri deyib: “Dəraqutni hədisdə möminlərin əmiridir”.
Hafiz Abdul Ğani əl-Əzdi Dəraqutnidən danışan zaman “Ustadım demişdir” deyərdi.
Suri deyir ki, Hafiz Abdul Ğaninin belə dediyini eşitdim: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədisi barədə ən gözəl danışan üç nəfər idi: İbnul Mədini öz vaxtında. İbnul Hammal Musa ibn Harun öz vaxtında. Dəraqutni isə öz vaxtında”
Racə ibn Muhamməd əl-Müəddəl söyləyib ki, mən Daraqutniyə dedim: “Sən özün kimisini görmüsən?” O cavab verdi: “Uca Allah buyurur: “Özünüzü təmizə çıxartmayın!”” (Nəcm surəsi, 32-ci ayə). Mən yenə də ondan əl çəkmədim və axırda o dedi: “Mən heç vaxt (hədis və hədis elmləri cəhətdən) mənim topladığım qədər toplayan görməmişəm”.
Hafiz ibn Kəsir deyib: “O baş hafiz idi. Öz dövründən əvvəl və öz dövründən sonra, bizim dövrə qədər öz (hədis) sahəsinin mütəxəssisi idi. O bir çox rəvayətlər eşidib, onları toplayıb, yazıb, tərtib edib və digərlərini onlarla faydalandırıb. O, dərin müşahidə qabiliyyətinə malik idi, hədislərdə gizli qüsurları tapır və araşdırırdı…”
Tac əd-Din əs-Subki deyib: “Onun adı məşhurdur, o bir neçə kitab yazıb, öz dövrünün imamıdır, öz dövrünün camaatının ustadıdır və hədis əhlinin şeyxidir”.
əl-Əzhəri deyib: “Dəraqutni çox ağıllı idi. Növündən asılı olmayaraq, hansısa elm barədə danışılan zaman onda həmin elmdən çoxlu pay olduğu görünərdi”.
İbn əl-Covzi deyib: “Artıq o, hədis elmi ilə birgə öncəlik, ədalət və əqidəsinin doğruluğu ilə yanaşı qiraət, nəhv, fiqh və şeir elmini də bilirdi”.
İmam Zəhəbi deyir ki, Dəraqutninin belə dediyi səhih olaraq varid olmuşdur: “Kəlam elmindən çox nifrət etdiyim bir şey yoxdur”.
Həmçinin, Zəhəbi demişdir: “Deyirəm: Kişi heç vaxt nə kəlam və cidal elminə daxil olmayıb nə də ki, ondan söhbət açmayıb. Əksinə sələfi idi”.

İmam Dəraqutninin əsərləri

O, “Kitəb əs-Sunən”, “əl-Muctəbə min əs-Sunən əl-Varidə”, “əl-Muxtələf val Mutələf fi Əsmə ər-ricəl”, “Kitəb əl-Əfrad”, cərh və tədil kimi hədis elmində ən mühüm kitab ola “Suələt əl-Həkim” və digər kitabların müəllifidir.
İmam Xatib Bağdadi deyib ki, əl-Bərqanidən soruşdum: “Əbul Həsən əd-Dəraqutni (öz) “Kitab əl-İləl” kitabını sənə öz yaddaşından diktə edib?” O cavab verdi: “Bəli”.
İmam əd-Dəraqutninin həmin “Kitab əl-İləl” kitabı bu yaxınlarda 16 cilddə nəşr edilib. İmamın əzbərdən diktə etdiyi bu kitab, hədisin əsaslarına dair ən mürəkkəb və ən dərin kitablardan biridir. Bu əsər imam əd-Dəraqutninin öz dövründə dünyanın ən böyük hafizi olduğuna dəlalət edir.
O, həmçinin, əqidəyə dair “Kitabu Əhədis əs-Sifət”, “Kitab ən-Nuzul”, “Kitab ər-Ruya” və digər kitabları qələmə alıb.
İmam əd-Dəraqutni hicri təqvimlə 385 (miladi 995) – ci ilin, Zulqadə ayında vəfat edib. Allah ona rəhmət etsin!
İmam Zəhəbinin nəqli ilə aşğıdakı hədislərin bəzi yollarının rəvayət edənlərindən biri də İmam Dəraqutnidir.
Əbu Vail söyləyir ki, Ammar bizə bəlağətli və qısa xütbə verərək dedi: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Kişinin namazının uzunluğu və xütbəsinin qısalığı fiqhi bilməsinin əlamətidir. Namazı uzadın və xütbəni qısa edin””. (Müslim də rəvayət etmişdir)
İbn Məsud (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanında sədəqədən danışılarkən dedi: “(Qul) boynunu açmaq və qul azad etmək sədəqədəndir”. Bir kişi dedi: “Ey Allahın Rəsulu, onların ikisi də eyni deyilmi?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Xeyr. Qulun azadlığı onu sənin azad etməndir. Boynunu açmaq isə (azadlığı üçün) onun qiymətində köməkləşməndir”. Kişi dedi: “Əgər onu bacarmaramsa?” Dedi: “Acı doydurub susuza su verirsən”. Kişi dedi: “Əgər onu da tapmaramsa?”. Dedi: “Yaxşı şeyləri əmr edib, pis şeylərdən çəkindirirsən”. Kişi dedi: “Əgər bunu da bacarmasam?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Onda şərini saxla”. (Əhməd də buna yaxın bir rəvayət etmişdir)
Əbu Uməmə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Rəbbim mənə ümmətimdən yetmiş min nəfəri hesab və əzabsız Cənnətə daxil edəcəyinə vəd vermişdir. Hər bir min nəfərlə də əlavə olaraq (digər) yetmiş min nəfər və Uca Rəbbimin ovucu ilə də üç ovuc”. (Tirmizi, İbn Macə və digərləri də rəvayət etmişdirlər)

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb