Görkəmli şəxslərin həyatı Məqalələr

Tufeyl ibn Əmr əd-Dəusi

Ey Allah, ona elə bir əlamət göndər ki, onu xeyirxah niyyətlərini həyata keçirməyə
yönəltsin!
Allahın Elçisinin, ona Allahın salavatı və salamı olsun, Tufeyl üçün etdiyi duadan
Tufeyl ibn Əmr əd-Dəusi Islama qədərki zamanlarda Dəus qəbiləsinin başçısı, adlı-sanlı kübar ərəb nəslindən çıxmış nümayəndəsi öz səxavəti və alicənablığı ilə məşhur olan insanlardan biri idi…
Onun evində üstündə xörək bişirilən ocaq heç vaxt sönməzdi, qapıarı isə içəri girmək istəyənlərin üzünə açıq idi…

O, aca yemək verər, qorxanı sakitləşdirər və yardım istəyəni himayə edərdi. Bununla bərabər Tufeyl ağıllı, fərasətli, nəzakətli və savadlı bir adam, iti zehinli və savadlı şair, sehirli qüvvəyə malik həm şirin və həm də acı danışıqları bir-birindən məharətlə ayıran bir insan idi.

* * *

Tufeyl öz xalqının Tihamadakı[1] yurdunu tərk edərək Məkkəyə yola düşdü. Bu zaman Allahın şərəfli Elçisi (ona Allahın salavatı və salamı olsun) ilə kafir qureyşlilər arasında mübarizə qızışmaqda idi. Hər iki tərəf özünə müttəfiqlər cəlb etmək və onlara hüsn-rəğbət göstərənlərin, yardım edənlərin sayını artırmağa səy göstərirdi… Belə bir şəraitdə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) insanları öz Allahına qayıtmağa çağırırdı. Onun silahı isə iman və həqiqət idi.
Kafir qureyşlilər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dəvətinə hər cür silahdan istifadə edərək müqavimət göstərir və müxtəlif vasitələrlə insanları ondan uzaqlaşdırmağa cəhd göstərirdilər.
Tufeyl gördü ki, o, bu mübarizəyə hazırlıqsız olduğu halda girərək, qarşıya məqsəd qoymadan, döyüşür…
O Məkkəyə bu məqsədlə getməmişdi, çünki bu vaxta qədər onun Məhəmmədin (ona Allahın salavatı və salamı olsun) işindən və qureyşlilərən heç xəbəri belə yoxdu.
Bu hadisələrin gedişatı nəticəsində Tufeyl ibn Əmr əd-Duasi ilə yaddan çıxmayan bir əhvalat baş verdi. Gəlin onu dinləyək, çünki o, inanılması mümkün olmayan dərəcədə qəribədir.
Tufeyl belə rəvayət edirdi:
“Mən Məkkəyə gəldim və qureyşlilərin başçıları məni görən kimi, alovlu və təntənə ilə məni salamlayaraq, o saat yanıma gəldilər, sonra da onların ən yaxşı evində yerləşdirdilər.
Bundan sonra qureşlilərin qəbilə başçıları və ağsaqqalları mənimlə görüşməyə gəldilər. Onlar mənə dedilər: “Ey Tufeyl, sən bizim ölkəmizə gəldin, amma özünü peyğəmbər elan edən bu adam isə işlərimizi pozdu, ailələrimizi bir-birindən ayrı saldı və sonra da icmamızı pərən-pərən saldı. Biz çox ehtiyat edirik ki, sənin və sənin xalqına rəhbərliyinin də başına, bizim başımıza gələnlər, gəlsin. O adamla danışma və ona qulaq asma. Həqiqətən, onun sözləri cadugərin ovsununa bənzəyir: o oğulu atadan, qardaşı qardaşdan, arvadı ərindən ayırır””.
Tufeyl sözünə davam edərək sonra deyirdi:
“Allaha and olsun, onlar onun qəribə kələkbazlıqlarını bədii şəkildə təsvir edərək, onun haqqında mənə inanılması mümkün olmayan, məni və xalqımı qorxuda bilən şeylər danışırdılar. Beləliklə, nəticədə mən qəti şəkildə qərara gəldim ki, bu adama yaxınlaşmayım, onunla danışmayım və ona qulaq asmayım.
Mən Kəbəni təvaf etmək, təriflədiyimiz və ziyarət etdiyimiz bütlərin xeyirxahlığını qazanmaq üçün, səhər ibadət yerinə gedərkən, Məhəmmədin sözlərini eşitməməkdən ötrü qulaqlarıma pambıq tıxadım.
Lakin müqəddəs əraziyə ayağımı basan kimi Kəəbənin yanında dayanmış Məhəmmədi orada namaz qılan gördüm. O, Allaha duanı, bizim etdiyimiz kimi etmirdi və onun sitayiş eyməsi də bizimkindən fərqlənirdi. Onun görkəmi məni cəlb edir, ibadəti isə, cadəcə olaraq, sarsıtdı. Mən özüm də bilmədən birdən gördüm ki, yavaş-yavaş ona yaxınlaşıram və artıq onun yanındayam…
Allah istəyirmiş ki, mən onun dediklərinin bir hissəsini eşidim. Mən gözəl bir nitq eşitdim və öz-özümə dedim:
“Nə olur olsun, ey Tufeyl…Sən ağıllı və fərasətli şairsən, gözəli çirkindən asanlıqla ayıra bilirsən. Bu adamın dediklərinə qulaq asmaqda kim sənə mane olur… Əgər onun sözlərində yaxşılıq varsa, sən onları qəbul edərsən, yox, əgər onun nitqi ədəbsizdirsə, ona qulaq belə asmayacaqsan”.
Sonra Tufeyl rəvayətini belə davam etmişdir:
“Mən orada Allahın Elçisi evə gedənə qədər dayandım və sonra onun ardıyca getdim. O, evinə girəndə, mən də onun ardıyca girdim və dedim: “Ey Məhəmməd, sənin xalqından olan adamlar mənə sənin haqqında filan-filan sözləri danışdılar. Allaha and osun, onlar məni o qədər qorxutdular ki, mən sənin sözlərini eşitməmək üçün qilaqlarıma pambıq tıxamışdım. Amma rizası ilə mən sənin orada söylədiklərinin bir qismini eşitdim və onlar mənə gözəl təsir bağışladı. Mənə öz dinin haqqında danış”. O mənə Islam haqqında danışdı və “əl-Ixlas” (“{Imanın} təmizlənməsi”) surəsini “əl-Fələq” (“Sübh çağı”) surəsini oxudu. Allaha and olsun, mən bu baxtadək bu sözlərdən yaxşısını eşitməmişdim və onun gördüyü işindən ədalətli bir iş görməmişdim.
Bundan sonra mən əlimi ona uzadaraq Allahdan başqa bir ilahın olmadığına və Məhəmmədin – Allahın Elçisi olduğuna şəhadət gətirdim. Mən Islamı belə qəbul etdim”.

* * *
Tufeyl hekayətinə davam etdi:
“Bundan sonra mən bir müddət Islaməm əsaslarını öyrənərək və Qurandan parçalar əzbərləyərək Məkkədə qaldım. Xalqımın yanına qayıtmağa hazırlaşaraq, belə dedim:
– Allahın Elçisi, mən, nəslimin mənə tabe oldiğu bir adamam. Onların yanına qayıdaraq, onları Islama dəvət edəcəyəm. Allaha dua et ki, O mənə kömək üçün elə bir nişan göndərsin ki, mən onları ona dəvət edə bilim.
Allahın Elçisi ucadan səsləndi:
“Ey Allah, ona bir əlamət göstər!”
Mən xalqımın yanına qayıdırdım və artıq onların mənzillərinin yaxınlığındakı dağın üstündə gözlərimdə güclü işıq saçan çıraq kimi parıltı əmələ gəldi. Mən bərkdən dedim:
“Ey Allah! Işığı mənim üzümə yönəltmə. Mən ehtiyat edirəm ki, camaat mənim üzümə saldığın işığı, onların dinindən döndüyümə görə, mənə bir cəza hesab etsinlər…”
Işıq mənim qırmancımın ucuna keçdi və adamlar elə qərara gəlmişdilər ki, qamçımın ucundan fənər sallanıb. Həmin vaxt sərt yoxuşlu dağ yamacından enirdim. Aşağıda məni pirani qoca olan atam qarşıladı.
Mən atma dedim:
– Ata, məndən uzaq qal! Artıq mən sənin, sən də mənim deyilsən!
– Belə niyə, oğul?! – deyə atam dilləndi.
– Mən Islamı qəbul etmişəm və Məhəmmədin dininin ardıyca gedirəm, – deyə bildirdim.
– Elə isə, oğlum, sənin dinin – mənim də dinimdir, – deyə atam söylədi.
Mən ona dedim:
– Get yuyun, üst-başını təmizlə. Sonra yanıma gələrsən və mənə öyrətdiklərini sənə də öyrədərəm.
Atam yuyunub əyin-başını sahmana saldı. Qayıdıb gələndə ona islam haqqında danışdım və o, onu qəbul etdi. Sonra arvadım mənə yaxınlaşdı. Mən ona dedim:
– Çıx get, nə mən sənin ərinəm, sən də mənim arvadımsan!
O bərkdən dedi:
– Niyə belə? Ata-anam sənə qurban!
– Islam bizi ayırmışdır. Mən onu qəbul etmişəm və Məhəmmədin dini ilə gedirəm, – söylədim.
Arvad dedi:
– Sənin dinin – mənim də dinimdir.
Mən ona dedim:
– Get Zu əş-Şərin (Zu əş-Şər – Dəus qəbiləsinin bütüdür və onun ətrafında dağlardan axıb gələn bol su olur. – Red.) suyu ilə təmizlən.
O dedi:
– Ata-anam sənə qurban olsun! Sən uşaqlarımıza görə Zu əş-Şərdən qorxmursan?!
– Zu əş-Şərlə bir yerdə batasan, – deyə mən bərkdən onun üstünə qışqırdım. – Mən axı sənə dedim: get və orada, adamlardan kənarda yuyun. Mən səni əmin edirəm ki, bu daş müqəvva sənə heç bir pislik edə bilməz.
Arvadım gedib orada çimdi. O qayıdanda ona Islam haqqında danışdım və o da onu qəbul etdi.
Sonra mən Islama dəvət ilə bütün Dəus qəbiləsinə müraciət etdim, lakin onlar, Əbu Hureyradan[2] başqa (o, Islamı birinci qəbul etdi), tərəddüd edirdilər.

* * *
Tufeyl hekayətinə davam edir:
” Məkkədə mən Əbu Hureyrə ilə birlikdə Allahın Elçisinin yanına gəldim. Peyğəmbər məndən soruşdu:
– Tufeyl, nə kimi yeniliklər var?
Mən belə cavab verdim: “Insanların qəlbinə pərdə çəkilmişdir və o, həqiqəti onlardan gizlədir. Onlarda allahsızlıq çox qüvvətlidir… Dəus qəbiləsində azğınlıq və itaətsizlik üstünlük təşkil edir…”

Allahın Elçisi ayağa qalxdı. Dəstəmaz alaraq, əllərini göyə qaldırıb namaz qılmağa başladı”.
Tufeyl deyirdi:
“Onu bu vəziyyətdə görüb, qorxdum ki, birdən o, Allaha müraciət edərək mənim xalqıma bəla göndərməsini istəyər və xalqım onda məhv olar…
Mən dedim:
– Ah, mənim xalqım!..
Amma Allahın Elçisi duasını belə davam etdirdi:
– Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt… Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt… Ey Allah, Dəus qəbiləsini doğru yola yönəlt…
Sonra Peyğəmbər Tufeylə tərəf dönərək buyurdu:
· Öz xalqının yanına qayıt, onlarla yumşaq rəftar et və onları Islama çağır”.
· * *
Tufeyl deyir:
“Dəus qəbiləsinə qayıdaraq və Allahın Elçisi Mədinəyə köçənə qədər onları Islama dəvət etdim. Bədr, Uhud yaxınlığında müharibələr və Xəndək döyüşü gəlib keçdi. Bundan sonra mən Dəus qəbiləsin­dən olan və Islamı səmimi qəlblə qəbul etmiş səksən ailə ilə onun yanına gəldim. Allahın Elçisi bizim gəlişimizə çox sevindi və Xeybər döyüşü zamanı əldə edilmiş qənimətlərdən bizə də digər müsəlmanlarla bərabər pay ayırdı. Biz ondan xahiş etdik ki:
– Allahın Elçisi, çıxdığın hər yürüşdə bizi özünün sağ cinahın et.
Tufeyl sonra sözün belə davam etdi:
“Allah onun qarşısında Mədinənin (yolunu) açana qədər mən Allahın Elçisi ilə daima bir yerdə idim.
O vaxt mən ondan xahiş etdim ki:
– Ey Allahın Elçisi, məni Əmr ibn Həmama qəbiləsinin Zul-Qafeyn bütünün yanına gəndər ki, onu yandırım…”
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) icazə alıb Tufeyl öz xalqından olan kiçik bir dəstə ilə bütün yanına yola düşdü.
O, həmin yerə gəlib çatanda və bütü yandırmaq üçün hazırlığa başlayanda qadınlar, kişilər və uşaqlar onun ətrafına yığılışaraq, Tufeyl Zul-Qafeynə zərər vuracağı halda, onu cəzalandıracaq ildırımın onun üstünə necə düşəcəyini gözləyirdilər.
Tufeyl bütə yaxınlaşaraq onu ona səcdə edənlərin gözü qabağında yandırdı. Sonra isə şer oxumağa başladı:
Ey Zul-Qafeyn mən qul deyiləm sənə.
Biz səndən qabaq doğulmuşuq,
Və mən sənin qəlbidə yandırdım odu…

Qızmar alov bütü uddu və onunla bərabər Dəus qəbiləsinin bütpərəstliyinin qalıqları da yandı. Bütün xalq Islamı qəbul etdi və onlar yaxşı müsəlmanlar oldu.
Bundan sonra Tufeyl ibn Əmr əd-Dəusi Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) bir an da belə ayrılmadan, Allah onu Öz dərgahına aparana qədər, onunla qaldı.
Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) səhabəsi Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) xəlifə olanda Tufeyl öz qılıncı və oğlu ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) xəlifəsinə beyət gətirdi.
Kafirlərlə müharibələrin başladığı zaman Tufeyl öz oğlu Əmrlə yalançı peyğəmbər Museyliməyə qarşı yürüşə çıxan müsəlman ordusunun ön sıralarında idi.
Yamamaya gedən yolda Tufeyl yuxu gördü və onu öz silahdaşlarına danışdı:
– Mən bir yuxu görmüşəm. Onu mənim üçün yozun.
Onlar soruşdular:
– Sən nə görmüsən?
Tufeyl belə cavab verdi:
– Mən özümü başı qırxılmış halda ağzımdan bir quş çıxıb uçduğunu gördüm. Hansısa bir qadın məni götürüb öz qarnına saldı, oğlum Əmr isə məni var gücü ilə çağırırdı, amma aramızda bir maneə vardı.

Adamlar dedilər:
– Ümid edirik ki, bu yaxşılığadır…
Tufeyl hekayətini davam etdirir:
“Allaha and olsun, mən bunu belə yozdum: mənim qırxılmış başım onun vurulacağını bildirir… Ağızdan şıxan quşa gəldikdə isə, o mənim ruhumdur… Məni öz qarnında yerləşdirən qadın isə – yerdir, onu qazıb məni onun dərinliyində basdıracaqlar… Mən əminəm ki, şəhid kimi həlak olacağam. Oğlumun məni çağırması isə, onun da, Allahın izni ilə məni gözləyən ölümü döyüş meydanında axtardığını bildirir, lakin o, sonrakı döyüşlərin birində həlak olacaq”.
Yamam yürüşü zamanı gedən döyüşlərdə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) görkəmli səhabəsi, döyüş meydanında şəhid olmağa can atan Tufeyl ibn Əmr əd-Dəusi, cəsurluq və qəhrəmamlıq möcüzələri göstərərək döyüşlərin birində həlak oldu.
Onun oğlu Əmr ağır yaralanana və sağ əlini biləngdən itirənə qədər döyüşlərdə qəhrəmancasına vuruşurdu. Bundan sonra o, atasını və əlini Yamama torpağında qoyaraq Mədinəyə qayıtdı

* * *
Xəlifə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) zamanında bir dəfə Əmr ibn ət-Tufeyl onun yanına. Hamının Fəruqun[3] yanında əyləşdiyi zaman, ona yemək gətirdilər. Fəruq hamını masaya dəvət etdi, lakin Əmr dəvəti qəbul etmədi. Fəruq ondan soruşdu:
– Sənə nə olub?! Yəqin ki, sən hamı ilə bir yerdə ona görə yemək istəmirsən ki, əlinin olmamasından utanırsan.
– Elədir, ey Əmirəlmominin, – deyə Əmr cavab verdi.
Xəlifə ucadan dedi: “Allaha and olsun, öz kəsilmiş əlinlə onu qarışdırmasan mən o xörəyə əl vurmaram! Allaha and olsun, aramızda, səndən başqa elə bir adam yoxdur ki, onun bədəninin bir hissəsi Cənnətdə olsun!” Bu zaman o, Əmrin kəsilmiş əlini nəzərdə tuturdu.

* * *

Atası həlak olandan sonra, Əmri, döyüş meydanında əzablı ölüm xəyalı tərk etmirdi. Yərmuk[4] yaxınlığındakı döyüşdə Əmr döyüşçülərin ilk cərgələrində idi və atası kimi, şəhid olana qədər cəsarətlə vuruşdu.

* * *
Allah Tufeyl ibn Əmr əd-Dəusiyə rəhmət etsin, o, döyüşdə şəhid kimi həlak olmaqla bərabər, həm də şəhid atası oldu.
* * *
__________________________________________________________
[1] Tihama – qırmızı dənizə çıxan sahil düzənliyidir.
[2] Bu buraxılışın yeddinci kitabında onun tərcümeyi-halına bax.
[3] Fəruq – Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) tituludur (“xeyiri şərdən ayıran” deməkdir).
[4] Yərmuk yaxınlığındakı döyüş – tarixdə ən böyük və həlledici döyüşlərdən biridir, hicri təqvimi ilə 15-ci ildə baş vermişdir. Bu döyüşlərdə müsəlmanlar Bizans üzərində parlaq qələbə qazanmışdılar.