Məqalələr Quran və təfsir

Ziyan kafirlərə, xilas möminlərədir

Uca Allah buyurur ki:

“And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (Əsr, 103/1-3)

Axşam çağı – Adəm oğullarının xeyir və şər qəbilindən olan hərəkətlərinin içində gerçəkləşdirdiyi zamandır.

Malik, Zeyd b. Əsləmdən əsr (namazı) vaxtı olduğunu dediyini rəvayət edir. Ancaq məşhur olan birincisidir. Uca Allah buna görə and içərək insanın həqiqətən ziyanda, yəni həlak edil­məyə məhkum olunduğunu bildirir.

“Yalnız iman gətirib yaxşı əməllər edən…kimsələrdən başqa!”. Uca Allah insan cinsindən ziyana uğrayanlar arasından qəlbiylə iman gətirərək, əzaları ilə saleh əməl işlədənləri istisna edir.

“…bir-birinə haqqı tövsiyə edən…” haqq olan ibadətləri yerinə yetirmək, haramlardan uzaqlaşmaqdır.

“…səbri tövsiyə edən kimsələrdən başqa!” Müsibətlərə, “alın yazısına”, yaxşılıq etməklə qəbahət və haram şeylərdən özünü saxlayan kəslərdən olub düşdükləri əziyyətlərə qatlaşaraq səbrli olmağı tövsiyə edənlər müstəsnadır. (Bax: İbn Kəsir, IV, 547)

İmam Şəfii (A. r. e.) deyir ki, insanlar bu surə üzərində yaxşıca düşünsəydilər, onlara bəs edərdi.

Çünki bu surədə elə yüksək məqamlardan bəhs edilir ki, müsəlman olan bir insan bunlara tam mənasıyla nail olarsa, kamilliyin ən yüksək səviyəsinə çatar. Birinci şərt haqqı tanımaq, ikincisi, ona lazımınca əməl etmək, üçüncüsü, onu yaxşıca bilməyənlərə öyrətmək, dördüncüsu, haqqı öyrənməyə, ona layiqincə əməl etməyə və onu başqalarına öyrətməkdə səbrli olmalıdır.

Surədən çıxarılan bəzi nəticələr

1. Özündə xilas (qurtuluş) yolunu ehtiva etdiyinə görə Əsr surəsinin ayrı bir fəziləti vardır.

2. Uca Allah istədiyi şeyə and içə bilər, çünki onu yaradan Odur.

3. Qulların Allahdan başqasına and içmələri qəbul edilmir. Çünki Peyğəmbər (sallallahu əleyhi və səlləm) belə buyurmuş­dur:

a. “Kim ki, Allahdan qeyrisinin adıyla and içərsə, şərik qoşmuş olar”. (Səhih hədis kimi Əhməd tərəfindən rəvayət edil­mişdir);

b. “Atalarınızın adına and içməyin. Kim ki, Allaha and içirsə, doğru and içsin ki, Ona and içilən bundan razı qalsın. Bir kəs ki, Allahın adı ilə and içməyə razı olmasa, onun Allahla bir əlaqəsi olmaz”. (Səhih hədis kimi İbn Macə tərəfindən rəvayət edilmişdir)

c. Abdullah b. Məsud da belə demişdir: “Allahın adı ilə yalandan and içmək, başqasının adı ilə doğru and içməkdən daha çox xoşuma gəlir”.*15

4. Kafirin aqibətinin zərərə və ziyana uğramaq olduğu vurğulanır.

5. İmana və şəriətə uyğun olan saleh əməl sahibi olanların xilas olacağı bəyan edilir.

6. İman söz və əməldən ibarətdir, itaətlə artır, günahlarla azalır.

7. Müsəlmanlar arasında haqqın və səbrin qarşılıqlı şəkil­də tövsiyə edilməsi vacibdir.

8. Camaatla namaz, xüsusilə də əsr namazının camaatla qılınması vacibdir. Çünki Uca Allah: “[Fərz*171, vacib] namazla­ra, [xüsusilə] orta namaza riayət edin…” (Bəqərə, 2/238) Orta namaz isə, əsr namazıdır.

9. Vaxt müsəlman üçün qiymətlidir. Onu Allaha itaət ilə keçirir.

——————————————————————————–

*15 Bu əsəri İbn Əbi Şeybə (Musannəf, 3/79, №12281), Təbərani (Mucamul-Kəbir, 9/183, №8902), Abdurrazzəq (Musannəf, 8/469) və başqaları rəvayət etmişlər. Heysəmi “Məcmu əz-zəvaid” (4/177) və şeyx Əlbani “Səhih tərğib və tərhib” (3/131, hədis 2953) əsərində onun isnadının səhih olduğunu bildirmişdir.

*171 Fərz – mütləq dini təlimatdır. (Qurani-Kərim, Bakı, 2004, VI nəşr, “Şərhlər” səh. 44)