Mədinə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim!
1) Əksik ölçüb çəkənlərin vay halına!
2) O kəslər ki, insanlardan aldıqları zaman tam ölçüb alar;
3) Onlar üçün ölçüb çəkdikdə isə əskildərlər.
4) Onlar yenidən dirildiləcəklərini heç düşünmürlərmi?!
5) Özü də böyük bir gün üçün?!
6) O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar.
Nəsai və İbn Macə deyirlər: Məhəmməd ibn Aqil (İbn Macə əlavə olaraq Əbdürrəhman bin Bişrin adını qeyd edir.) Əli bin Hüseyn ibn Vaqid vasitəsilə İkrimədən, o da İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Mədinəyə gəldiyi zaman mədinəlilər öölçüdə və çəkidə insanların ən pisi idilər. Ona görə də Allah təala “Əksik ölçüb çəkənlərin vay halına!” ayəsini nazil etdi ki, bundan sonra ölçü və çəkilərini düzəltsinlər”. İbn Əbu Hatim deyir: Cəfər ibn Nadr ibn Həmmad Abdulla ibn Harisdən Hilal ibn Talaqın belə dediyini nəql etmişdir: “Mən Abdulla ibn Ömərlə birgə gedərkən ondan soruşdum: “Görünüş etibarilə insanların ən gözəli və ölçüdə ən doğrusu məkkəlilərdir, yoxsa mədinəlilər?” Abdulla ibn Ömər dedi: “Onların (məkkəliləri nəzərdə tuturdu) haqqı çatar”. Mən Allah təalanın bu ayəsini eşitmişəm: “Əksik ölçüb çəkənlərin vay halına!” İbn Cərir Təbəri deyir: Əbu Saib İbn Fudeyl vasitəsilə Abdulladan belə nəql edir ki, bir nəfər ona “Ey Əbdürrəhmanın atası, mədinəlilər ölçüdə düşgündürlər” – dedi. Bu zaman Abdulla ona bu sözlərlə qarşılıq verdi: “Ölçüdə niyə düz olmasınlar ki? Axı Allah təala buyurmuşdur: “Əksik ölçüb çəkənlərin vay halına! O kəslər ki, insanlardan aldıqları zaman tam ölçüb alar; Onlar üçün ölçüb çəkdikdə isə əskildərlər. Onlar yenidən dirildiləcəklərini heç düşünmürlərmi?! Özü də böyük bir gün üçün?! O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar”. Göründüyü kimi, burada söhbət ölçüdə və tərəzidə əksib ölçüb çəkənlərdən və fırıldaq gələnlərdən gedir. Belə insanlar malı başqalarından alarkən artıqlaması ilə ölçüb alar, satdıqda isə əksikliklə satarlar. Ona görə də Allah təala ölçüdə və çəkidə aldadanların rüsvayçılığını, həlakını və fəlakətini vəd edərək buyurur: “Əksik ölçüb çəkənlərin vay halına!” Daha sonra Allah təala onların etdikləri bu iyrənc əməli açığa çıxardaraq buyurur ki, “O kəslər ki, insanlardan aldıqları zaman tam ölçüb alar” Yəni insanlardan artıqlaması ilə alar, “Onlar üçün ölçüb çəkdikdə isə əskildərlər”, azaldarlar.
Allah təala ölşçüdə və çəkidə doğruluğa riayət etməyi əmr etmiş və bir çox ayələrdə bu haqda buyurmuşdur: “Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!” (əl-İsra, 35) əl-Ənam surəsində Allah təala buyurur ki, “Ölçüdə və çəkidə düz olun! Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik” (əl-Ənam, 152) Başqa bir ayədə uca Allah buyurur: “Tərəzini düz tutun, çəkini əskiltməyin!” (ər-Rəhman, 9) Allah təala Şueyb əleyhissəlamın qövmünü ölçüdə və çəkidə fırıldaq gəldikləri üçün həlaka uğratmış və yerə batırmışdır. Daha sonra Allah təala insanları xəbərdarlıq edərək buyurur: “Onlar böyük bir gün üçün yenidən dirildiləcəklərini heç düşünmürlərmi?!” Yəni onlar gizlində və aşkarda olan hər şeyi bilən Allahın hüzurunda çox dəhşətli bir gündə, çətin bir vaxtda və çətin vəziyyətdə dikilib duracaqlarından heç qorxmurlarmı? Axı həmin gün orada xüsrana uğrayan Cəhənnəm aətşinə daxil olacaqdır! Daha sonra Allah təala buyurur: “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar”. Həmin gün insanlar ayaqyalın və çılpaq dayanacaqlar. İnsanların halları çox çətin, sıxıntılı və gərgin olacaq. Günahkar vəziyyəti ağırlaşacaq. Allahın hökmü hisləri və gücləri yox edərək onları bürüyəcəkdir.
İmam Malik Nafidən, o da İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda dayanacaqlar. Hər kəs qulaqlarına kimi tərə batacaq”. Buxari Malik və Abdulla ibn vasitəsilə bu hədisi Nafidən nəql etmişdir. Hədisi Muslim də iki yolla rəvayət edib. Həmçinin, Eyyub ibn Yəhya, Saleh ibn Keysan, Ömərin oğulları olan Abdulla və Ubeydulla və Məhəmməd ibn İshaq Nafidən, o da İbn Ömərdən rəvayət etmişlər. İmam Əhməd isə deyir: Bizə Yezd Abdulla ibn Ömərdən nəql etdi ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitdim: “O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda, izzət və cəlal sahibi Rəhmanın əzəməti qarşısında dayanacaqlar. Dəhşətli gün olan Qiyamət günü tər insanların qulaqlarının kənarına kimi axacaqdır”.
(Hədis:) İmam Əhməd deyir: İbrahim ibn İshaq, Əbdürrəhman ibn Yezid ibn cabir vasitəsilə Miqdad ibn əl-Əsvad əl-Kindidən nəql etdi ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişdir: “Qiyamət günü günəş qullara yaxınlaşar və bir-iki mil məsafəyə kimi gələr. Günəş onları əridər və hər kəs əməllərinə görə tərə batar. Bəziləri topuqlarına, bəziləri, dizlərinə, bəziləri çiyinlərinə qədər tərə batar, bəziləri də bütünlüklə tərə qərq olarlar”. Bu hədisi Muslim Həkəm ibn Musanın vasitəsilə Yəhya ibn Həmzədən nəql etmişdir. Tirmizi isə Suveyd vasitəsilə İbn Mubarəkdən nəql etmişdir. Həm Muslimin, həm Tirmizinin isnadlarında İbn Cabirin adı da qeyd olunur.
(Hədis:) İmam Əhməd deyir: Həsən ibn Suvar, Əbu Əbdürrəhman vasitəsilə Əbu Uməmədən nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qiyamət günü günəş bir mil məsafəyə yaxınlaşar və hərarəti fılan qədər artar. Onun istisindən qazanlar qaynadığı kimi heyvanlar qaynayıb yanar. İnsanlar da etdikləri xətalar qədər tərə batarlar. Bəziləri topuqlarına, bəziləri baldırlarına, bəziləri də bellərinə qədər tərə batar, elələri də olacaq ki, tamamilə tərə qərq olacaqlar”. Əhməd ibn Hənbəl hədisi müfrəd olaraq qeyd etmişdir.
(Digər bir hədis:) İmam Əhməd deyir: Bizə Həsən, İbn Luheyə vasitəsilə Əbu Uşanə Huyey ibn Yumindən nəql etdi ki, Uqbə ibn Amir Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu eşitmişdir: “Günəş Yerə yaxınlaşar və insanlar tərə batarlar. Bəziləri topuqlarına, bəziləri baldırlarının yarısına, bəziləri də dizlərinə qədər tərə batarlar. Elə kəslər olacaq ki, uyluqlarına qədər tərə batacaq, bəziləri də böyürəklərinə qədər tər içərisində olacaq. Elə kimsələrdə olacaq ki, tər ağzının ortasına qədər gələcək və əli ilə ağzını örtəcək. – Rəvayətçi deyir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) əli ilə bu cür göstərdiyini gördüm – Bəziləri də olacaq ki, bütünlüklə tərə batacaqlar”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) göstərmək üçün əli ilə vurmuşdu”. Hədisi Əhməd mufrad olaraq qeyd etmişdir. Başqa bir hədisdə onların yetmiş il tər içərəsində qalıb danışmayacaqları bildirilir. Bunun üç yüz il və yaxud qırx min il olduğunu da söyləmişlər. Həmçinin, deyilənə görə, on min il müddətində onların arasında hökm veriləcəkdir. Belə ki, Muslimin “Səhih”ində Əbu Hureyrədən mərfu olaraq rəvayət olunan hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) “Müddəti əlli min il olan bir gündə…” deyə buyurmuşdur.
İbn əbu hatim deyir: Atam, Əbu Ovn Ziyadi vasitəsilə Əbu Hureyrədən rəvayət etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Bəşir əl-Qifariyə belə buyurdu: “İnsanların dünya günlərindən üç yüz il aləmlərin Rəbbinin hüzurunda dayanacaqları Qiyamət günündə nə edəcəksən? Bu müddət ərzində nə səmadan onlara bir xəbər gələcək, nə də haqlarında bir hökm veriləcək”. Bəşir dedi: “Mən Allaha sığınıram”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Elə isə yatağına girdiyin vaxt Qiyamət gününün sıxıntısından və pis sorğu-sualından Allaha sığın!” Bu hədisi İbn Cərir Əbdüssəlam vasitəsilə rəvayət etmişdir. Əbu Davudun “Sünən”ində rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Qiyamət günündəki gərgin duruşdan Allaha sığınardı. İbn Məsudun belə dediyi rəvayət olunur: “Qırx il başları göyə tərəf dikəlmiş vəziyyətdə dayanacaqlar və onlarla heç kim danışmayacaq. Yaxşıları da, pisləri də tərə batacaqlar”. Abdulla ibn Ömər də onların yüz il ayaq üstə duracaqlarını söyləmişdir. Hər iki rəvayət İbn Cərir TƏbəri nəql etmişdir. Əbu Davud, Nəsai və İbn Macənin “Sünən”lərində Zeyd ibn Hubbabın, Muaviyə ibn Saleh vasitəsilə Aişədən nəql etdikləri hədisdə bildirilir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) gecə namazına açılış üçün on dəfə təkbir (Allahu əkbər), on dəfə təhmid (əl-həmdulilləh), on dəfə təsbeh (sübhənallah) gətirərək, on dəfə də istiğfar (əstəğfirullah) edərək başlayardı. Daha sonra isə: “Allahım, məni bağışla, məni doğru yolda et, mənə ruzi ver və mənə sağlıq bəxş et!” – deyərək Qiyamət günündəki ayaq üstə dayanmağın gərginliyindən Allaha sığınardı.
7) Xeyr! Əlbətdə ki, pislərin əməl dəftəri Siccindədir!
8) Sən Siccinin nə olduğunu hardan biləsən?!
9) O, yazılı bir kitabdır.
10) Yalan sayanların o gün vay halına!
11) Onlar Din gününü yalan sayarlar.
12) Bunu həddini aşıb günaha batandan başqası yalan saymaz.
13) Ayələrimiz ona oxunduğu zaman: “Əvvəlkilərin nağıllarıdır” – deyər.
14) Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır.
15) Xeyr, həqiqətən də o gün onlar Rəbblərindən mütləq məhrum olacaqlar!
16) Sonra onlar Cəhənnəmə düşəcəklər.
17) Sonra da: “Bu sizin yalan hesab etdiyinizdir” – deyiləcəkdir.
Allah təala buyurur: “Xeyr! Əlbətdə ki, pislərin əməl dəftəri Siccindədir!” Yəni onların aqibəti və məskəni Siccindir. Bu söz Ərəb dilində “Sicn” (sıxıntı) sözündən götürülmüşdür. Bu səbəblə də Allah təala onun vəziyyətini böyüdərək: “Sən Siccinin nə olduğunu hardan biləsən?!” – buyurur. Yəni o, çox dəhşətli bir şeydir. Ora əbədi qalınasıbir zindan və əğrılı-acılı bir əzab yerdiir. Bəziləri Siccinin yeddi qat yerin altında olduğunu söyləmişlər. Əvvəldə qeyd etdiyimiz kimi, Bərra ibn Azibin uzun hədisində izzət və cəlal sahibi Allah kafirlərin ruhuna “Onun yazısını Siccində yazın!” – deyə buyurur. Siccin yeddi qat yerin altındadır. Bəzilərinin sözlərinə görə, o, yeddi qat yerin altında yaşıl qayadır. Həmçinin, onun Cəhənnəmdə bir quyu olduğunu da söyləmişlər. İbn Cərir bu haqda səhih olmayan qərib və munkir bir hədis rəvayət etmişdir. Belə ki, o, İshaq ibn Vahb əl-Vasiti vasitəsilə Əbu Hureyrədən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Fələq Cəhənnəmdə örtülü bir çuxurdur. Siccin isə açıq bir quyudur”. Əslində Siccin “Sicn” sözündən götürülmüş və mənası sıxıntılıq, darlıq deməkdir. Məxluqat aşağıya düşdükcə, sıxıntıya məruz qalar, yuxarı qalxdıqda rahatlıq, genişlik əldə edər. Yeddi qat səmanın hər biri altındakından daha geniş, daha rahatdır. Eyni zamanda yerin qatları da belədir. Hər bir yer qatı altındakından daha genişdir. Nəhayət, ən aşağıya və ən dar yerə gəlinər ki, bura yeddi qat yerin ortasındakı mərkəzdir. Fasiqlərin və azğınların düşəcəkləri yer buradır. Bura aşağıların aşağısıdır. Allah təala buyurur ki, “Sonra da onu qaytarıb aşağıların əağısı etdik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir”. (ət-Tin, 5-6) Ona görə də Allah təala buyurdu ki, “Xeyr! Əlbətdə ki, pislərin əməl dəftəri Siccindədir! Sən Siccinin nə olduğunu hardan biləsən?!” Bura sıxıntının və rəzilliyin hər cürünü özündə cəm edər. Allah təala buyurur ki, “Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər”. (əl-Furqan, 13)
Allah təala buyurur: “O, yazılı bir kitabdır” Bu, “Sən Siccinin nə olduğunu hardan biləsən?!” ayəsinin açıqlaması deyildir. Sadəcə, pis əməllərə uyanları Siccinə aparacaq bir yazılı kitabdır. Yazılıb sona çatdırılmışdır. Heç kəs ona nə bir şey əlavə edə bilər, nə də ondan bir şey əksildə bilər. Bunu Məhəmməd ibn Kəb əl-Qurazi söyləmişdir. Daha sonra Allah təala buyrudu: “Yalan sayanların o gün vay halına!” Yəni Qiyamət günü gəldiyi zaman Allahın sıxıttılı və rüsvayedici əzabı vəd etdiyi kəslərin halı yaman olacaq. “Vay halına!” kəslməsi haqda daha əvvəllər də qeyd etmişdik ki, bunun da mənası həlak və məhv olmaqdır. Məsələn, “vay fılankəsin halına!” dedikdə, onun həlak olması, ölməsi nəzərdə tutulur. Necə ki, “Müsnəd” və “Sünən” kitablarında Bəyz ibn Həkim ibn Muaviyə ibn Heydənin öz atasından, onun da öz babasından rəvayət etdiyi hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “İnsanları gündürmək üçün yalan danışan kəsin vay halına! Vay onun halına, vay!” Daha sonra Allah təala günahkar və yalançıların vəziyyətini izah edərək buyurar: “Onlar Din gününü yalan sayarlar”. Yəni onun baş verəcəyinə inanmaz, təsdiq etməz və bunun qeyri-mümkün bir şey olduğunu düşünərlər. “Bunu həddini aşıb günaha batandan başqası yalan saymaz”. Əməllərində həddini aşan, haram işləyən, halal olan şeyləri etməyib, əksinə sözlərində və hərəkətlərində harama, günaha meyl edən kəslərdən başqası yalan saymaz. Belə kimsələr danışanda yalan söyləyər, vəd verdikdə, vədinə xilaf çıxar, düşmənçilik etdiyi zaman günahları çoxalar.
“Ayələrimiz ona oxunduğu zaman: “Əvvəlkilərin nağıllarıdır” – deyər”. Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) Allah təalanın kəlamlarını eşitdiyi zaman, onları təkzib edər və ayələr haqda olduqca pis düşünər. Elə hesab edər ki, bu ayələr əvvəlkilərin kitablarından götürülülərək uydyrulan əfsanələrdir. Allah təala onlar haqda başqa bir ayədə buyurur ki, “Rəbbiniz (Muhəmmədə) nə nazil etmişdir?” – deyə soruşduqda, onlar: “Qədimlərin əfsanələrini!” – deyə cavab verərlər”. (ən-Nəhl, 24) Digər bir ayədə uca Allah belə buyurur: “Onlar həmçinin: “Bu, qədimlərin əfsanələridir (yalan sözlərdir). O (Muhəmməd) onları yazdırtmışdır; (əzbərlənməsi üçün) səhər-axşam (Muhəmmədin) özünə oxunur”, – dedilər”. (əl-Furqan, 5)
Daha sonra Allah təala buyurdu: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”. Yəni məsələ onların düşündükləri kimi deyil. Onların iddia etdikləri kimi bu Quran əvvəlkilərin nağılları deyil, əksinə Allahın Öz elçisinə (Ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi kəlamı, vəhyidir. Onların qəlblərində şübhə olduğu üçün imanın ora girməsinə mane olub sədd çəkmişdir. Çünki onların qəlblərində çoxlu günah və xətalardan başqa heç nə qalmayıb. Ona görə də Allah təala buyurdu ki, “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”.
Pas və kir kafirlərin qəlblərini bağlayar. Bulud isə yaxşıların qəlblərinə dolar. İbn Cərir, Tirmizi, Nəsai və İbn Macə müxtəlif yollarla Məhəmməd ibn Aclən vasitəsilə Əbu Hureyrədən rəvayət edirlər ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Qul bir günah işlədikdə, qəlbində qara bir nöqtə yaranar. Əgər günaha görə tövbə edərsə, qəlbi cilalanar. Yox əgər günah artarsa, qara nöqtə də artar. Allah təala bu haqda buyurmuşdur: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”. Tirmizi hədisin “həsən-səhih” olduğunu bildirmişdir. Nəsainin ləfzində isə hədis belədir: “Qul bir xəta etdikdə, qəlbində qara nöqtə cızılar. Əgər onu tərk edib Allahdan bağışlanma diləyər və tövbə edərsə, qəlbi cilalanar. Yox əgər həmin xətaya yenidən qayıdarsa, qara nöqtə böyüdülərək qəlbini qapıyar. Bu, Allah təalanın buyurduğu qapamadır: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”.
Əhməd deyir: Səfvan ibn İsa, İbn Aclən vasitəsilə Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Mömin kəs bir günah işlədikdə, qəlbində qara bir nöqtə yaranar. Əgər həmin günahdan əl çəkib tövbə edər və Allahdan bağışlanma diləyərsə, qəlbi cilalanar. Yox əgər günahlarına davam edərsə, qara nöqtədə də çoxalar və bütün qəlbini bürüyər. Bu isə Allah təalanın Quranda qeyd etdiyi haldır: “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır”. Həsən əl-Basri deyir ki, “bu, günah üstünə yığılan günahlardır. Sonda isə qəlbi kor edər və öldürər. Mucahid, Qatədə, İbn Zeyd və başqaları da bu cür qeyd etmişlər.
“Xeyr, həqiqətən də o gün onlar Rəbblərindən mütləq məhrum olacaqlar!” Yəni Qiyamət günü onların qalacaqları yer Siccindir. Habelə onlar Qiyamət günü yaradanları və Rəbləri olan Rəhmanı görməkdən məhrum olacaqlar. İmam Əbu Abdulla əş-Şafi deyir ki, “Bu ayə ona dəlildir ki, möminlər həmin gün izzət və cəlal sahibi olan Allahı görəcəklər. İmam Şafinin (Allah ona rəhmət etsin!) dediyi bu sözlər son dərəcə gözəldir və bu ayənin başa düşülməsinə gözəl dəlildir.
Buna Allah təalanın digər bir ayəsi də dəlalət edir. Belə ki, Allah təala Qurani-Kərimdə buyurur: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!” Möminlərin Axirətdə izzət və cəlal sahibi olan Rəblərini görməsinə dəlalət edən bir çox səhih və mütəvatir hədislər vardır. Onlar uca Cənnət baxçalarında və Qiyamətin sahələrində öz gözləri ilə Rəblərini görəcəklər. İbn Cərir Təbəri, Əbu Muammar əl-Munqari vasitəsilə Amr ibn Ubeyddən nəql edir ki, Həsən Allah təalanın “Xeyr, həqiqətən də o gün onlar Rəbblərindən mütləq məhrum olacaqlar!” ayəsi haqda buna oxşar sözlər demişdir: “Pərdələr açılar, möminlər və kafirlər Ona baxarlar. Sonra pərdə kafirlərin üzünə bağlanar və sadəcə möminlər hər səhər və hər axşam Ona baxarlar”.
“Sonra onlar Cəhənnəmə düşəcəklər”. Yəni onlar Rəhmanı görməkdən məhrum olacaqları kimi, Cəhənnəm əhlinə də çevriləcəklər. “Sonra da: “Bu sizin yalan hesab etdiyinizdir” – deyiləcəkdir”. Yəni onlara qulaqlarını deşəcək şəkildə, həqircəsinə, barmaqarası baxılaraq deyiləcək ki, sizin yalan hesab etdiyiniz budur.
18) Xeyr! Şübhəsiz ki, yaxşıların əməl dəftəri İlliyyundadır!
19) Sən İlliyyunun nə olduğunu hardan biləsən?!
20) O, yazılı bir kitabdır.
21) Onu yaxın olanlar görərlər.
22) Həqiqətən, yaxşılar Nəimdə olacaqlar.
23) Taxtlar üstündə tamaşa edəcəklər.
24) Cənnətin parıltısını sən onların üzlərində tanıyarsan.
25) Onlara Rəhiq-məxtumdan içirdiləcəkdir.
26) Onun möhürü müşkdür. Elə isə yarışanlar onun üçün yarışsınlar!
27) O, təsnimlə qarışdırılıb.
28) O elə bir çeşmədir ki, ondan yaxın olanlar içər.
Allah təala buyurur: “Xeyr! Şübhəsiz ki, yaxşıların əməl dəftəri İlliyyundadır!” Yaxşılar pislərdən fərqli olaraq İlliyyunda olacaqlar. Əvvəldə qeyd etdiyimiz kimi, pislərin aqibəti isə Siccindir. Əmaş, Şəmr ibn Atiyyə vasitəsilə Hilal ibn Yasəfin beləd ediyini nəql etmişdir: İbn Ababs Kəbdən Siccin haqda soruşdu və mən də orada idim. Kəb dedi: “O, yerin yeddinci qatıdır və kafirlərin ruhları oradadır”. Daha sonra İbn Abbas İlliyyun haqda soruşduqda, Kəb cavab verdi: “O, Göyün yeddinci qatıdır və möminlərin ruhları oradadır”. Ondan başqaları da İlliyyunun göyün yeddinci qatında olduğunu söyləmişlər. Əli ibn Əbu Talha “Xeyr! Şübhəsiz ki, yaxşıların əməl dəftəri İlliyyundadır!” ayəsi haqda İbn Abbasın belə dediyini nəql etmişdir: “Yəni Cənnətdədir”. Ovfinin rəvayətində isə İbn Abbasın belə dediyi nəql olunur: “Onların əməlləri səmada Allah dərgahındadır”. Dahhak da bu cür qeyd etmişdir. Qatədənin sözlərinə görə, İlliyyun ərşin sağ ayağıdır. Bəziləri də İlliyyunun Sidrətul-muntəhənin yanında olduğunu söyləmişlər. Görünüşə baxılarsa, İlliyyun “Uluv” (uca) sözündən götürülmüşdür. Yüksələn və ucalan hər şey böyüyər və genişlənər. Bu səbəblə də Allah təala İlliyyunun əzəmətini göstərərək buyurur: “Sən İlliyyunun nə olduğunu hardan biləsən?!”
Daha sonra Allah təala yaxşılar üçün yazılanları qeyd edir və buyurur: “O, yazılı bir kitabdır. Onu yaxın olanlar görərlər”. Qatədənin sözlərinə görə, yaxın olanlar mələklərdir. Ovfi İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Səmada yaşayan hər kəs onu görər”.
“Həqiqətən, yaxşılar Nəimdə olacaqlar”. Qiyamət günü onlar nemətlər içərisində geniş lütfün sərgiləndiyi cənnətlərdə olacaqlar. “Taxtlar üstündə tamaşa edəcəklər”. Belə qeyd olunur ki, onlar öz mülklərində və Allahın onlara bəxş etdiyi bitib-tükənmək bilməyən bəxşişlərində əyləşərək tamaşa edəcəklər. Bəzilərinin sözlərinə görə, onlar taxtlar üstündə əyləşərək izzət və cəlal sahibi Allaha tamaşa edəcəklər. Bu ayə Allah təalanın pislər üçün vəsf etdiyi “Xeyr! Əslində onların qazandıqları qəlblərini bağlamışdır” ayəsinə qarşılıq olaraq buyurulmuşdur. Bu ayə yaxşıların öz taxtlarında və malikanələrinə oturub izzət və cəlal sahibi Allaha baxacaqlarını bildirir. Belə ki, əvvəlcə qeyd etdiyimiz kimi, Abdulla ibn Ömərdən nəql edilən hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Cənnət əhlinin məqam etibarilə ən aşağıda olanı, iki min illik məsafədən öz mülkünə baxıb ən yaxınını gördüyü kimi, ən uzağını da görənindir. Cənnət əhlinin məqam etibarilə ən yüksək olanı, izzət və cəlal sahibi Allaha gün ərzində iki dəfə baxandır”.
Daha sonra uca Allah buyurur: “Cənnətin parıltısını sən onların üzlərində tanıyarsan”. Yəni sən onların üzlərinə baxdığın zaman, Cənnətin gözəlliyini, sevincini, üstünlüyünü və içərilərində üzdükləri nemətlərin əlamətini tanıyacaqsan.
“Onlara Rəhiq-məxtumdan içirdiləcəkdir”. Yəni onlara Cənnət şərabı içirdiləcəkdir. Rəhiq Cənnət şərablarından birinin adıdır. Bunu İbn Məsud, İbn Abbas, Mucahid, Qatədə, Həsən və İbn Zeydqeyd etmişlər. İmam Əhməd deyir: Həsən, Zuheyr vasitəsilə Əbu Səid əl-Xudridən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu nəql etmişdir: “Bir mömin susuz olan digər bir möminə su içizdirərsə, Allah təala da ona Qiyamət günü Rəhiq-məxtumdan içizdirər. Bir mömin ac olan digər bir mömini yedizdirərsə, Allah təala da ona Cənnət meyvələrindən yedizdirər. Bir mömin çılpaq olan digər bir mömini geyindirərsə, Allah təala da onu Cənnətin yaşıl paltarları ilə geyindirər”. İbn Məsud Allah təalanın “Onun möhürü müşkdür” ayəsi haqda demişdir: “Yəni ona müşk qatılıbdır”. Ovfi İbn Abbasın belə dediyini nəql etmişdir: “Allah təala içkini onlara elə gözəlləşdirmişdir ki, axırda içki müşk kimi olur. Beləcə, içki müşk ilə möhürlənər. Qatədə və Dahhak da belə demişlər. İbrahim və Həsən “Onun möhürü müşkdür” ayəsi haqda demişlər: “Yəni onun sonu müşkdür”.
İbn Cərir deyir: İbn Humeyd, Yəhya ibn Vadih vasitəsilə Əbdürrəhman ibn Sabitdən nəql edir ki, “Onun möhürü müşkdür” ayəsi haqda Əbu Dərda demişdir: “O, gümüş kimi ağ-ağappaq bir içkidir. İçdiklərini onunla möhürləyərlər. Əgər dünya əhlindən bir nəfər barmağını ona batırıb çıxartsaydı, bütün canlılar onun gözəlliyini görərdi”. İbn Əbu Nəcih “Onun möhürü müşkdür” ayəsi haqda Mucahidin belə dediyini nəql etmişdir: “Onun qoxusu müşkdür”. “Elə isə yarışanlar onun üçün yarışsınlar!” Yəni öyünənlər belə bir şeyə sahib olmaq üçün öyünsünlər. Yarışanlar belə bir hal üçün yarışıb öyünsünlər. Başqa bir ayədə Allah təala buyurur ki, “”Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!” (əs-Saffat, 61)
“O, təsnimlə qarışdırılıb”. Yəni Rəhiq içkisinə tənsim adlı içkidə qarışdırılıb. Tənsim Cənnət əhlinin içdiyi ən üstün və ən qiymətli işkidir. Əbu Saleh və Dahhak bu cür qeyd etmişlər. Ona görə də Allah təala ayənin arxasınca buyurur ki, ” O elə bir çeşmədir ki, ondan yaxın olanlar içər”. Yəni bu çeşmədən yaxın olanlar içər və sağ tərəf sahibləri üçün qarışdırılaraq verilər. İbn Məsud, İbn Abbas, Məsruq, Qatədə və başqaları bu cür qeyd etmişlər.
29) Həqiqətən, günahkarlar möminlərə gülürdülər.
30) Yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər.
31) Ailələrinin yanına qayıtdıqda isə əylənərək qayıdırdılar.
32) Onları gördüklərində: “Doğrusu, bunlar azmışlardır!” – deyirdilər.
33) Halbuki onlara nəzarətçi göndərilməyiblər.
34) Bu gün isə möminlər kafirlərə güləcəklər.
35) Taxtlar üstündə tamaşa edəcəklər;
36) Görəsən, kafirlər etdiklərinin cəzasını aldılarmı?!
“Həqiqətən, günahkarlar möminlərə gülür, yanlarından keçərkən bir-birinə qaş-göz edirdilər”. Allah təala günahkarlar barəsində xəbər verərək onların dünyada möminlərə gülüb onları ələ saldıqlarını və alçaltmağa çalışdıqlarını, habelə onlarla qarşılaşarkən sataşmaq məqsədi ilə göz-qaş edib bir-birilərinə işarə etdiklərini bəyan edir. Onlar “Ailələrinin yanına qayıtdıqda isə əylənərək qayıdırdılar”. Həmin günahkarlar evlərinə qayıtdıqda kefləri kök qayıdardılar. Çünki bununla hədəfləri olan möminləri incitməyə nail olardılar. Allahın onlara bəxş etdiyi nemətlərə şükr etməz, möminləri qısqanar və ancaq onlarla məşğul olardılar. Sonra Allah təala buyurur ki, “Onları gördüklərində: “Doğrusu, bunlar azmışlardır!” – deyirdilər”. Yəni möminlər onların dinlərinə tabe olmadıqları üçün belə deyərdilər.
Allah təala buyurr ki, “Halbuki onlara gözətçi göndərilməyiblər”. Yəni həmin günahkarlar möminlərin nə etdiklərinə, nə dediklərinə nəzarət etmək üçün göndərilməyiblər və onlara görə də məsuliyyət daşımırlar. Elə isə nə üçün gözlərini dikib işlərini, peşələrini möminlərə əziyyət verməyə həsr etmişdilər. Necə ki, Allah təala buyurur: “(Allah) buyurar: “Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin!” Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır!” (əl-Muminun, 108-111) Sonra Allah təala buyurur ki, “Bu gün isə möminlər kafirlərə güləcəklər”. Yəni kafirlərin dünyada ikən möminlərə güldüklərinin əvəzində möminlər də Qiyamət günü onlara güləcəkdir. “Taxtlar üstündə tamaşa edəcəklər”. Yəni günahkarların onları azmışlar adlandırmasının müqabilində onlar taxtlar üstündə əyləşərək izzət və cəlal sahibi olan Rəblərinə baxacaqlar. Çünki onlar azmamışdılar, əksinə Allahın Ona yaxın olan dostları idilər. Ona görə də Onun bəxş etdiyi məqamlarda Ona tamaşa edəcəklər. Sonra Allah təala buyurur ki, “Görəsən, kafirlər etdiklərinin cəzasını aldılarmı?!” Həmin kafirlər möminləri lağa qoyub alçaltmalarının əvəzi olaraq cəzalarına çatdılar, yoxsa yox. Yəni onlar heç şübhəsiz ki, layiq olduqları əsl cəzaya düçar oldular.
Əl-Mutaffifin surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.