Məqalələr Quran və təfsir

əl-İnfitar surəsinin təfsiri

Məkkə surələrindəndir.

Nəsai deyir: Məhəmməd ibn Qudəmə Cabirdən nəql edərək bildirir ki, Muaz namaza qalxdı, İşa namazını qıldı və namazı uzatdı. Bu vaxt Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) iki dəfə “Uf, ey Muaz! Bəs “Səbbih ismə Rabbikəl Əla” (“Əl-Əla” surəsi), “əd-Duha” və “İzəs-səməu infətərat” (“əl-İnfitar” surəsi) harda qaldı?” Hədisin əsli Buxari və Muslimin ayrı-ayrı “Səhih” kitablarındadır.

Ancaq əl-İnfitar surəsi yalnız Nəsainin müfrəd hədisləri siyahısında qeyd edilmişdir. Bundan əvvəl Abdulla ibn Ömərin Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) rəvayət etdiyi hədisi qeyd etmişdik. Həmin hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qiyamət gününü sanki gözləri ilə görmək istəyən “Günəş sarınıb büküləcəyi zaman!” (“ət-Təkvir” surəsi), “Göy parçalanacağı zaman!” (“əl-İnfitar” surəsi) və “Göy yarılacağı zaman!” (“əl-İnşiqaq” surəsi) surələrini oxusun!”

Bismilləhir Rəhmənir Rəhim!

1) Göy yarılacağı zaman;
2) Ulduzlar yayılacağı zaman;
3) Dənizlər qarışacağı zaman;
4) Qəbirlər çevriləcəyi zaman;
5) Hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir.
6) Ey insan! Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?!
7) O ki, səni yaratdı, düzəldib səhmana saldı.
8) Sənə istədiyi şəkildə biçim verdi.
9) Xeyr, əslində, siz dini yalan sayırsınız.
10) Həqiqətən, sizin üstünüzdə gözətçilər var
11) Çox şərəfli yazanlardır.
12) Sizin də nə etdiklərinizi bilirlər.

Allah təala buyurur: “Göy yarılacağı zaman” Göy parçalanacaq və yarılacaq. Necə ki, başqa bir ayədə uca Allah buyurur: “(O gün) göy parçalanaraq, (Allahın) vədi yerinə yetəcəkdir”. (əl-Muzzəmmil, 18) “Ulduzlar yayılacağı zaman” Yəni dağılıb səpələnəcək. “Dənizlər qarışacağı zaman”. Əli ibn Əbu Talha İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Allah dənizləri bir-birinə qarışdıacaq”. Həsən isə demişdir: “Allah dənizləri bir-birinə qarışdıacaq və sonra da dənizlərin suyu quruyacaq”. Qatədə ayəni açıqlayarkən demişdir: “Şirin sulu dənizlər duzlu sulu dənizlərlə qarışacaq”. Kəlbi isə dənizlərin dolub-daşacağı mənasını səsləndirmişdir.
“Qəbirlər çevriləcəyi zaman”. İbn Abbasın sözlərinə görə, qəbirlər daranacaqdır. Suddi demişdir: “Qəbirlər alt-üst olacaq və içində olanlar çıxarılacaqlar”. “Hər kəs nə etdiyini və nə qoyub getdiyini biləcəkdir”. Həmin gün insan nəyi edib, nəyi etmədiyini biləcəkdir. “Ey insan! Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” Bu, bir hədələmə ifadəsidir, bəzilərinin fikirləşdiyi kimi cavab, qarşılıq mənasını ifadə etmir. Belə ki, bu fikir sahiblərinin sözlərinə görə, “Ey insan! Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” – sözlərinə cavab olaraq deyəcəklər ki, “Onun kərəmi bizi aldatdı”. Lakin əslində ayənin mənası belədir: “Ey Adəm övladı, səni uca Rəbbinə qarşı aldadan nə oldu ki, Ona üsyan etməyə yönəldin və layiq olmayan şeyləri Ona aid etdin?! Bu haqda hədislərin birində Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Qiyamət günü Allah təala buyuracaq ki, “Ey Adəm övladı, Səni Mənə qarşı nə aldatdı? Ey Adəm övladı, peyğəmbərlərə necə qarşıladın?”
İbn Əbu Hatim deyir: Atam Süfyandan nəql etdi ki, Ömər bir kişinin “Ey insan! Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” ayəsini oxudğunu eşitdikdə, “Cəhalət!” – deyə cavab vermişdi. Həmçinin, İbn Əbu Hatim deyir ki, Ömər ibn Şubbə Yəhya əl-Bəkkadan nəql edir ki, Abdulla ibn Ömər “Ey insan! Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” ayəsini oxudu və dedi: “Allaha and olsun ki, onu cahilliyi aldatdı”. İbn Abbasdan, Rabi ibn Xuseymdən və Həsəndən buna oxşar rəvayət nəql etmişdir. Rəvayət olunur ki, Qatədə “Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” ayəsini oxudu və bu sözləri söylədi: “Adəm övladını düşməni olan bu şeytandan başqa bir şey aldatmadı. Fudeyl ibn İyad deyir ki, “Əgər Rəbbim mənə “Mənə qarşı səni aldatdı?” – deyə, buyursa deyəcəm: “Sənin pərdələlərlə örtülmüş gizliliyin” – deyə, cavab verəcəm”. Əbu Bəkr əl-Varraq isə demişdir: “Əgər Rəbbim mənə “Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” – deyə buyrsa, deyəcəm: “Məni kərəm sahibinin kərəmi aldatdı”. Bəğəvi deyir ki, “Bəzi təfsirçilərin sözlərinə görə, “Kərəm olan Rəbbinə” deyilib, amma Allahın digər ad və sifətlərinin zikr edilməməsi, sanki xitab olunana cavab verməsi üçün təlqin edildiyi hiss olunur. Bunu deyəcək insan o qədər də düşüncəsiz deyil. Çünki Kərəm sahibi heç kəsə pisliklər və çirkin əməllərlə qarşılıq verməyin uyğun olmayacağını diqqəti yönəltmək üçün “Kərim” adını qeyd etmişdir. Bəğəvi Kəlbi və Muqatilin belə dediklərini nəql etmişdir: “Bu ayə Əxnəs ibn Şəriq haqqında nazil olmuşdur. O, Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun!) vurmuş və çətin anlarda öz cəzasına çatmamışdı. Ona görə də Allah təala “Səni kərim olan Rəbbinə qarşı nə aldatdı?” ayəsini nazile tdi.
“O ki, səni yaratdı, düzəldib səhmana saldı”. Səni yaradıb şəkil verən və biçimə salan kərəm sahibi Rəbbinə qarşı səni aldadan nə oldu? O Rəbbin ki, uzunluğunu və boyunu düzəldib, səni ən gözəl şəkil və biçimdə xəlq etmişdir. İmam Əhməd ibn Hənbəl deyir: Əbu Nadr Busr ibn Cihaş əl-Quraşidən nəql edir ki, bir gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ovucunun içərisinə tüpürdü və barmağını onun üstünə qoyaraq dedi: “İzzət və cəlal sahibi Allah buyurur ki, “Ey Adəm övladı, mən səni bunu kimi bir şeydən yaratdığım halda, sən məni acizmi sanırsan?! Səni düzəldib gözəl bir şəklə saldığmda, iki soyuq arasında yeriyirdin və torpaqlə dolu idin. Yığdın, ancaq vermədin. Nəhəyat, can boğaca yetişdikdə, “Sədəqə verəcəyəm” dedin. Ancaq sədəqə vaxtıdırmı?!” Həmçinin, bu hədisi İbn Macə də Əbu Bəkr ibn Şeybə vasitəsilə Yezid ibn Harundan, o da Həriz ibn Osmandan rəvayət etmişdir. Şeyximiz Hafiz Əbul Həccac əl-Mizzi deyir ki, Yəhya ibn Həmzə də ona tabe olaraq Sövri ibn Yeziddən, o da Əbdürrəhman ibn Meysəridən rəvayət etmişdir.
“Sənə istədiyi şəkildə biçim verdi”. Mucahid demişdir: “Yəni Allah ataya, anaya, dayıya, əmiyə bənzər şəkildə sizə biçim vermişdir. İbn Cərir deyir: Məhəmməd ibn Sinan əl-Quzaz Musa ibn Əli ibn Rubahdan, o da atası vasitəsilə babasından nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) babasına “Nəyin oldu?” – demiş, o da “Ey Allahın elçisi, nəyim olacaq ki; ya oğlum, ya da qızım olacaq”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) yenidən soruşdu: “Bəs kimə oxşayır?” Dedi: “Ey Allahın elçisi, kimə oxşaya bilər ki; ya atasına, ya da anasına oxşayacaq”. Bu zaman Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Dayan, elə demə! Nütfə ana bətninə yerləşdirildikdə, Allah təala onunla Adəm arasındakı hər nəsəbi hazır saxlayar. Məgər sən Allahın kitabındakı bu ayəni oxumamısanmı: “Sənə istədiyi şəkildə biçim verdi”. Yəni səni istədiyi şəklə saldı”.
İbn Əbu Hatim və Təbərani də bu hədisi Mutahhar ibn Heysəm vasitəsilə ilə nəql etmişlər. Əgər bu hədis səhih olsaydı, bu ayə haqqında olduqca açıq izah vermiş olardı. Lakin hədisin sənədi öz təsdiqini tapmayıb. Çünki hədisin rəvayətçisi Mutahhat ibn Heysəm barəsində Əbu Səid ibn Yunis demişdir ki, “onun hədisləri mətrukdur (yəni qəbul olunmur)”. İbn Hibban deyir ki, o, Musa ibn Əlidən və başqalarından öz təsdiqini tapmayan rəvayətlər nəql etmişdir. Lakin Buxari və Muslimin eyni adlı “Səhih” kitablarında Əbu Hureyrədən hədis rəvayət olunur ki, bir kişi Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun!) xitab edərək dedi: “Ey Allahın elçisi, mənim arvadım qara bir oğlan dünyaya gətirdi”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) ondan: “Dəvən varmı?” – deyə soruşduqda, kişi: “Bəli, var!” – deyərək cavab verdi. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) soruşdu: “Rəngi nədir?” Kişi cavab verdi: “Qırmızı”. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) soruşdu: “Onların arasında qarası da varmı?” Kişi cavab verdi: “Bəli!” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) soruşdu: “Bəs o haradan gəlib?” Kişi dedi: “Bəlkə də soyu çəkib”. Bu zaman Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Bəlkə də bunun da soyu çəkibdir”.
İkrimə Allah təalanın “Sənə istədiyi şəkildə biçim verdi” ayəsi haqda demişdir: “Allah istəsə, meymun, istəsə, donuz şəklində yaradar”. Həmçinin Əbu Saleh Allah təalanın “Sənə istədiyi şəkildə biçim verdi” ayəsi haqda deyir ki, Allah istəsə, it, uzunqulaq və ya donuz şəklində yaradar”. Qatədə isə “Sənə istədiyi şəkildə biçim verdi” ayəsi haqda deyir ki, “Allaha and olsun ki, Rəbbimiz buna qadirdir”. Adı çəkilənlərin sözlərinə görə, ayənin mənası belədir: Yəni izzət və cəlal sahibi Allah nütfəni şirkin heyvanlar formasında yaratmağa qadirdir. Lakin O, Öz qüdrəti, məthəməti və lütfü ilə insanı ən gözəl şəkildə, qamətli, boylu-buğunlu və əsrarəngiz görünüşlü yaradır.
“Xeyr, əslində, siz dini yalan sayırsınız”. Yəni sizi Kərəm sahibi olan Rəbbinizə qarşı çıxıb Ona asiliklə qarşılıq verməyə vadar edən qəlbinizdə axirəti, əməllərin qarşılığının verilməsini və haqq-hesabı təkzib etməyinizdir. O biri ayələrdə Allah təala buyurur: “Həqiqətən, sizin üstünüzdə gözətçilər var. Çox şərəfli yazanlardır. Sizin də nə etdiklərinizi bilirlər”. Yəni sizin üstünüzdə çox hörmətli və şərəfli qoruyucu mələklər var. Elə isə onlara pisliklər, günhalar göstərməyin! Çünki onlar sizin bütün əməllərinizi yazırlar. İbn Əbu Hatim deyir: Bizə atam Əli ibn Məhəmməd Tunəqisi vasitəsilə Mucahiddən, o da İbn Abbasdan Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Sizdən iki vəziyyətdən – cənabət və böyük bayıra çıxmaqdan – başqa heç vaxt ayrılmayan yazan iki mələyə hörmət edin! Sizdən kimsə qüsl edərsə, bir divarla və ya dəvəsi ilə və yaxud da qardaşı vasitəsilə sipər edilsin!” Hafiz Əbu Bəkr əl-Bəzzar bu hədisi başqa bir ləfzlə rəvayət edərək deyir: Məhəmməd ibn Osman ibn Kiramə, Həfs ibn Süleymandan o da, Mucahid vasitəsilə İbn Abbasdan nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Allah sizə soyunmağı qadağan edər. Sizlə birgə olan, təkcə üç vəziyyətdə – böyük bayıra çıxarkən, cünub olarkən və qüsl edərkən ayrılan çox şərəfli iki mələkdən həya edin! Sizdən kimsə lüt qüsl etsə, paltarı ilə və ya divarla və yaxud da dəvəsi ilə qarşısını kəssin!” Rəvayətçilər arasında olan Həfs ibn Süleyman haqqında “diqqətsiz rəvayətçi” demişlər. O, etdiyi rəvayətlərdə ehtimallara yol vermişdir. Hafiz Əbu Bəkr əl-Bəzzar deyir: Ziyad ibn Eyyub Təmmam ibn Nəcih vasitəsilə Həsən əl Basriyə istinad edərək Ənəsin Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) belə eşitdiyini rəvayət edir: “İki gözətçi mələk bir gün yazdıqları şeyi izzət cəlal sahibi Allahın hüzuruna çıxartsalar və Allah təala səhifənin həm əvvəlində, həm də sonunda bağışlanma diləyi görərsə, buyurar: “İki səhifənin arasında olanlara görə, qulumu bağışladım”. Sonra Bəzzar deyir ki, “Təmmam ibn Nəcih hədisi müfrəd olaraq rəvayət etmişdir. O, doğru hədis danışanlardandır”. (Mənim sözlərim:) İbn Nəim Təmmam ibn Nəvihi “siqa” (yəni etibarlı rəvayətçi) hesab etmiş, lakin Buxari, Əbu Zəra, İbn Əbu Hatim, Nəsai, İbn Adiy və Rəmah ibn Hibban onu zəif rəvayətçi kimi qeyd etmişlər. İmam Əhməd onun barəsində demişdir: “Onun işinin doğruluğunu bilmirəm”.
Hafiz Əbu Bəkr əl-Bəzzar deyir: Qulusi adı ilə məşhur olan İshaq ibn Süleyman əl-Bağdadi Səlam vasitəsilə Məhəmməd ibn Sirindən, o da Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Həqiqətən, Allahın Adəm övladlarını tanıyan (və elə hesab edirəm ki, “onların əməllərini bilən” də demişdir.) mələkləri var. Onlar Allaha itaət edib saleh əməl edən bir qula baxdıqda, öz aralarında həmin şəxsi xatırlayıb adını çəkər və deyərlər: “Bu gecə fılankəs nicat tapdı, fılankəs qurtuldu”. Allaha üsyan edərək pis əməllər edən bir qula baxdıqda da onu xatırlayıb adını çəkər və deyərlər: “Bu gecə fılankə həlaka uğradı”. Bəzzar deyir ki, “Zənnimcə, rəvayətçilər arasında olan Səlam Mədainli Səlamdır. Onun da diqqətsiz rəvayətləri var.

13) Həqiqətən, xeyirxahlar Nəimdə;
14) Günahkarlar isə Cəhimdə olacaqlar.
15) Din günü ora daxil olacaqlar.
16) Onlar orada yox olmayacaqlar.
17) Sən Din gününün nə olduğunu hardan bilə bilərsən?
18) Bəli, sən Din gününün nə olduğunu hardan bilə bilərsən?
19) O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm Allaha məxsusdur!

Allah təala Ona asi olmayıb, əksinə izzət və cəlal sahibi Allaha itaət edən xeyirxahların əldəe dəcəyi nemətlər barəsində xəbər verir. İbn Asəkir “Musa ibn Məhəmmədin Tərcümeyi hal”ında Hişam ibn Amma vasitəsilə Abdulla ibn Ömərdən nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Allah onlara xeyirxahlar adını vermişdir. Çünki onlar atalarına və övladlarına xeyirxah olmuşlar”. Daha sonra Allah təala günahkarların düçar olacağı əbəbi əzabı – Cəhənnəmi xatırladır və buyurur: “Din günü ora daxil olacaqlar”. Yəni haqq-hesab və əməllərin qarşılığının veriləcəyi Qiyamət günü Cəhənnəmə daxil olacaqlar. “Onlar orada yox olmayacaqlar”. Yəni onlar əzabdan bir saat belə olsun xilas ola bilməyəcək, əzabları yüngülləşməyəcək, bir gün də olsun, istəyəcəkləri ölüm və rahatlıq onlara verilməyəcək. Sonra Allah təala buyurur: “Sən Din gününün nə olduğunu hardan bilə bilərsən?” Yəni onun əzəmətini sən təsəvvür edə bilməzsən. Daha sonra Allah təala yenə də təkidlə bildirir ki, “Bəli, sən Din gününün nə olduğunu hardan bilə bilərsən?” Bu ayəni Allah təala sonrakı ayə ilə təfsir edərək buyurur: “O gün heç kəs heç kəsə fayda verə bilməyəcək”. Heç kəs digərinə fayda vermək qüdrətinə malik olmayacaq, heç kəsi düşdüyü vəziyyətdən xilas edə bilməyəcək. Allahın dilədiyi və razı qaldığı kəslərə fayda verib xilas etmə izni verməsi isə istisnadır. Bu haqda aşağıdakı hədisi qeyd edək. Allah elçisi buyurur ki, “Ey Haşim oğulları, özünüzü oddan qoruyun! Mən Allaha qarşı sizə heç bir fayda verə bilmərəm”. Əş-Şuara surəsinin təfsirinin sonunda bu hədis qeyd edilmişdi. “O gün hökm Allaha məxsusdur!” Buna oxşar bir neçə ayələr mövcuddur. Belə ki, Allah təala buyurur: “Bu gün hökm kimindir?” “Bir olan, qalib olan Allahındır!” (əl-Mumin, 6) Həmçinin, Allah təala buyurur: “O gün həqiqi hökmranlıq (mülk) ancaq Rəhmana məxsusdur; o, kafirlər üçün isə çətin bir gün olacaqdır”. (Əl-Furqan, 26) Həmçinin, “Din günün sahibi!” (əl-Fatihə, 4) Qatədə “O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm Allaha məxsusdur!” ayəsi haqda demişdir: “Allaha and olsun ki, həmin gün hökm Allaha məxsus olacaqdır. Həmin gün orda heç kəs Onunla mübahisə etmək cürətinə malik olmayacaq.
Əl-İnfitar surəsinin təfsirinin sonu. Həmd və səna Allaha məxsusdur. Müvəffəqiyyət nəsib edən Odur.